AQRO

25 Avqust

İlham Əliyev: Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 30 sentnerin üstündədir

Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq yenə də demək istəyirəm ki, quraqlıq böyük problemlər yaratmışdır. Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır. Hesab edirəm ki, buna imkanlar var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir. Yəni, bu, onu göstərir ki, bunu etmək mümkündür. Sadəcə olaraq düzgün yanaşma olmalıdır, bütün aqrotexniki qaydalara əməl edilməlidir, suvarma məsələləri öz həllini tapmalıdır.

Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiyanın böyük inkişafa səbəb olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib. Çünki bu da olmalıdır. Bildiyiniz kimi, fermerlərə böyük həcmdə subsidiyalar verilir. Biz elə etməliyik ki, bu subsidiyalara çox ciddi nəzarət olsun, pozuntular olmasın. Yerli icra orqanlarının bu sahədə çox böyük rolu vardır”.