AQRO

22 Avqust

Meyvə-tərəvəz məhsullarının tədarükü davam etdirilir

İyulun 15-dən bu günədək muxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına 6 min 300 ton kartof məhsulu tədarük olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 min 220 ton çoxdur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, muxtar respublikada ərzaq və qeyri-ərzaq məhsullarının saxlanılması üçün ümumi tutumu 31 min 140 ton olan anbarlar yaradılıb. Bunun tutumu 19 min 340 ton olanı soyuducu, tutumu 11 min 800 ton olanı ümumi təyinatlı anbarlardır.

Cari ilin ötən dövrü ərzində əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 2 min 900 ton olan 3 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb, ümumi tutumu 250 ton olan soyuducu anbarın yaradılması davam etdirilir.

Son illər ərzində soyuducu anbarların qurulması və məhsul tədarükü məqsədilə Sahibkarlığın İnkişafı Fondundan sahibkarlara 4 milyon 448 min 840 manat, o cümlədən 2020-ci ilin ötən dövründə bu istiqamətdə sahibkarlara 66 min manat dövlət maliyyə dəstəyi göstərilib.

Muxtar respublikada 138 min 139 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 30 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində həmin istixana komplekslərində istehlakçılara 546 ton tərəvəz məhsulları təklif olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 137 ton çoxdur. 2020-ci ilin ötən dövrü ərzində muxtar respublikada mövsümi tələbatın ödənilməsini yaxşılaşdırmaq məqsədilə ümumi sahəsi 5 min 815 kvadratmetr olan 8 istixana təsərrüfatının yaradılması, 696 kvadratmetr olan bir istixana təsərrüfatının fəaliyyətinin bərpası başa çatdırılıb. Son illər ərzində istixana komplekslərinin yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli şərtlərlə 4 milyon 652 min 600 manat kredit verilib.

Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün bu günə qədər sahibkarlıq subyektlərinin anbarlarında strateji məhsullar qrupuna daxil olan 2 min 430 ton şəkər tozu, qənd, unlu-qənnadı məmulatları, makaron, düyü, ət və ət məhsulları, toyuq əti, heyvan və bitki mənşəli yağlar, çay və duz məhsullarının ehtiyatı mövcuddur. (azertac)