AQRO

30 İyun

Taxıl sahələrinin 65,9 faizində biçin başa çatıb

Azərbaycanda taxıl zəmilərinin 65,9 faizində biçin başa çatıb. İyunun 30-na olan operativ məlumata görə, 666899 hektar biçilmiş sahədən 2112881 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sent/ha təşkil edir.

Arpa sahələrinin biçini yekunlaşmaq üzrədir. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bu günədək 317032 hektar sahədə biçin başa çatıb. Hazırda dağətəyi rayonlarda arpa biçini gedir. Sahələrdən ümumilikdə 961383 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir. Yaxın zamanlarda dağətəyi rayonlarda arpa biçininin tam yekunlaşacağı gözlənilir.

Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 349867 hektarında biçin yekunlaşıb. Sahələrdən bugünədək 1151498 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 32,9 sentner təşkil edir.

Bu günə olan operativ məlumata görə, biçin prosesində 1540 kombayn iştirak edir. Bunlardan 526-sı "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 185 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 829 kombayn iştirak edir.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.

Biçin davam edir.