AQRO

26 İyun

Kartof idxalına əlavə rüsum tətbiq olunacaqmı? -Nazirlik açıqladı

Bir neçə gün əvvəl kartof istehsalçılarının Azərbaycan hökumətinə müraciət etdiyinə dair məlumat vermişdik. Qərb bölgəsindən olan fermerlər Gürcüstan və İrandan idxal edilən kartofun bazara ucuz qiymətə daxil olaraq yerli məhsulun dəyərdən düşməsinə səbəb olduğunu bildirirdilər. Onlar son illərdə olduğu kimi, bu il də Nazirlər Kabineti tərəfindən iyuldan noyabra qədər kartof idxalına əlavə rüsum tətbiq olunmasını xahiş edirdilər. 

Fermerlərin bu xahişi ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin baş direktoru Firdovsi Fikrətzadənin dediyinə görə, kartof istehsalçıları məhsuldarlığı dünya səviyyəsinə çatdıra biliblər: “Baxmayaraq ki, bu il kartofun əkin sahəsi artmayıb, amma toplanılan məhsulun əvvəlki ildən də artıq olacağı gözlənilir. Bu isə fermerlərin daha müasir texnologiyalardan istifadə etməklə məhsuldarlığı dəfələrlə artırdıqlarını göstərir. Buna görə də fermerlərin idxal hesabına qiymət ucuzlaşmasından narahatlığı başadüşüləndir. Amma biz bazarı daim nəzarətdə saxlayırıq və iyun ayında ölkəyə kartof, demək olar ki, idxal olunmayıb, çox simvolik bir rəqəmdir. May ayında isə 3500 ton kartof idxal olunub”. 

Firdovsi Fikrətzadə

Sözünə davam edən mərkəz rəhbəri bu günlərdə Gürcüstandan ölkəyə kiçik partiya kartof idxal olunduğunu dedi: “Qərb bölgəsində istehsal olunan kartofun topdansatış qiyməti 42-48 qəpikdir. Gürcüstandan gətirilən kartofun qiyməti isə 55-60 qəpikdir. Bu, o deməkdir ki, idxal kartofu yerli məhsula qiymət rəqabəti yarada bilmir. Bizim fermerlər məhsuldarlığı artırmaqla kartofun maya dəyərini xeyli aşağı salmağa nail olublar. Buna görə də idxal məhsulu yerli məhsulla qiymət rəqabəti apara bilmir. Hələlik vəziyyət belədir. Biz bazarı daim nəzarətdə saxlayırıq, hansı mərhələdə görsək ki, yerli fermerlərin məhsuluna problem yaranır, müvafiq addımlar atılacaq”. 

Azərbaycan xaricdən kartof idxal etməyi dayandıra bilər

F.Fikrətzadə onu da bildirdi ki, son illərdə Azərbaycana kartof yalnız mövsümün sonuna yaxın idxal olunur: “Bu da ondan irəli gəlir ki, Azərbaycanda kartof saxlama anbarları yetərli həcmdə deyil. Bizim hesablamalarımıza görə, yerli bazarı təmin etmək üçün 200 min ton, ixracı təmin etmək üçünsə əlavə 100 min ton məhsulu saxlaya biləcək soyuducu anbara ehtiyac var. Bu, bizim sahibkarlar üçün bir çağırış formalaşdırır ki, dövlətin güzəştl kreditlərindən istifadə etməklə belə anbarları yaratsınlar. Eyni zamanda soğan saxlamaq üçün anbarlara da ehtiyac və tələbat var. Düşünürük ki, bu anbarlar yaradılarsa, bəzi fermerlər yalnız faraş və yeni kartof deyil, köhnə kartof da ixrac edə biləcəklər. Azərbaycanın kartof idxalına olan tələbatı illik 100 min ton civarındadır – o da köhnə kartofa. Anbarlar olarsa, buna da ehtiyac qalmayacaq”.

Əlavə edək ki, kartof idxalına əlavə rüsum tətbiq olunsa belə, bu, Gürcüstana aid olmayacaq. Çünki Gürcüstanla qarşılıqlı müqaviləmiz var. 

(c)Yeni Müsavat