AQRO

21 May

İsmayıllıda taxıl biçininə hazırlıq işləri başa çatıb

İsmayıllı rayonunda taxıl biçini kampaniyasına hazırlıq işləri artıq başa çatdırılıb və bu məqsədlə hüquqi və fiziki şəxslərə məxsus 34 ədəd taxılyığan kombayn təmir edilərək saz vəziyyətə gətirilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a verilən məlumatda bildirilir ki, bu ilin məhsulu üçün 30 min 140 hektarda taxıl yetişdirilir. Əkin sahələrinin 22712 hektarı buğda, 7428 hektarı arpadır. İlkin olaraq rayonun cənub ərazilərində, o cümlədən Qubaxəlilli, Gəraybəyli və Zərnava kəndlərində daha tez yetişən arpa biçiləcək. Hər yerdə zəmilərin vaxtında biçilməsi, məhsul itkisinə yol verilməməsi üçün qüvvələr səfərbər edilib. Biçin kampaniyasına iyunun birinci ongünlüyünün sonunda başlanacağı nəzərdə tutulub.

Qeyd edək ki, respublikamızın aran rayonlarında biçin daha tez qurtaracaq və hər il olduğu kimi, həmin bölgələrdən köməyə əlavə kombaynların da gələcəyi gözlənilir.