AQRO

18 May

Şəkidə taxıl biçininə 130 ədəd kombayn cəlb ediləcək

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 67 min 384,7 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 42 min 852,5 hektarını buğda, 24 min 532,2 hektarını dən üçün arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçininə hazırlıq işləri davam etdirilir. Biçin kampaniyasına hazırlıqla əlaqədar Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah da yaradılıb, tədbirlər planı təsdiq olunub.

Mərkəzin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov Fins.az-a bildirib ki, Şəki taxılçıları bu məsul kampaniyaya çox ciddi hazırlaşırlar. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunur, kombayn və digər texnikalar saz vəziyyətə gətirilir. Ümumilikdə, biçin kampaniyasına 130 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Onlardan 87 ədədi son illərdə alınan təzə, qalanları isə əvvəlki illərdə alınan və istifadəyə yararlı vəziyyətdə olan köhnə kombaynlardır. Ehtiyac yaranarsa, biçini başa çatdırmış Aran rayonlarından əlavə kombaynlar da gətiriləcək. Biçin kampaniyasına, eyni zamanda, 95 ədəd küləşpresləyən aqreqat, 250 ədəd şum traktoru, 350-dək yük maşını, traktor və qoşqu, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunacaq.

Təsərrüfatlarda taxıl biçininə iyunun əvvəllərində başlanılması nəzərdə tutulur.

Xatırladaq ki, şəkili fermerlər ötənilki mövsümdə 67,7 min hektar taxıl sahəsindən 234 min 631 ton məhsul tədarük ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 13,6 min ton artıb. Fermerlər hər hektardan orta hesabla 34,6 sentner məhsul götürüblər.