AQRO

18 May

Bu rayonda subsidiya almaq üçün 558 arıçı müraciət edib

Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, 2020-ci ildə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) təsərrüfatlarında olan 18 min 773 arı ailəsinə görə subsidiya almaq üçün 558 arıçı müraciət edib. Hazırda DAİM-in əməkdaşları tərəfindən ərizəçini cəlb etməklə verilən məlumatların yerində dəqiqləşdirilməsi və arı ailələrinin (pətəyinin) identikləşdirilməsi işlərinə start verilib.

Bu barədə Fins.az-a Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Sektor müdiri bildirib ki, statistik məlumata əsasən, hazırda Şəki rayonunda 520 arıçıya məxsus təsərrüfatda 14 min 186 arı ailəsi mövcuddur. Bundan əlavə, rayonda məskunlaşmış məcburi köçkün ailələrindən olan 112 arıçıya məxsus təsərrüfatlarda da 4 min 800-dən çox arı ailəsi var.

Qurum rəsmisinin sözlərinə görə, “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilməsi Şəki rayonunda da arıçılığın inkişafına öz müsbət təsirini göstərib. Belə ki, 2020-ci ildə subsidiya ilə bağlı müraciət edən arıçıların sayı əvvəlki ilə nisbətən 88 nəfər, arı ailələrinin sayı isə 2799 ədəd artıb. Arıçılığın inkişafı kənd yerlərində məşğulluğun təmin edilməsinə və əhalinin gəlirlərinin artmasına müsbət təsir göstərib.