AQRO

09 May

Neftçalada 7 min tondan çox süd istehsal olunub

Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına önəm verilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yumurta istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov  Fins.az-a bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 43 min 342 baş mal-qara və 144 min 874 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 21 min 953 baş təşkil edir. Qoyun və keçilərin sayı 2019–cu ilin eyni dövrünə nisbətən 5 faiz çoxdur. Mayın 1-nə rayonda 4 min 181.4 ton ət (diri çəkidə), 7 min 216 ton süd, 3 milyon 618 min ədəd yumurta istehsal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 14,7 faiz, yumurta istehsalı isə 3,7 faiz çoxdur.