AQRO

08 May

Bu il Masallının hər kəndində iki hektar sahədə tütün əkiləcək

Mayın 4-dən başlayaraq Masallı rayonunda tütün əkininə başlanılıb.

Fins.az xəbər verir ki, tütünçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları istixana şəraitində yetişdirdikləri şitilləri açıq sahələrə köçürürlər. İndiyədək rayonda 24,2 hektar sahədə tütün əkilib. Məhsul istehsalçıları əkin zamanı daha çox “İmunium” növlü ətirli və qiymətli tütünə üstünlük verirlər.

Bu il Masallı rayonunun hər kəndində iki hektar olmaqla ümumilikdə 50 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Rayonda tütünçülüklə məşğul olan fermerləri narahat edən əsas problemlərdən biri məhsulun tədarükü və emalı ilə bağlıdır.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanması və emalının, həmçinin Masallı rayonunda tütünqurutma məntəqələrinin yaradılması nəzərdə tutulub.

Rayonda tütünqurutma və tədarük məntəqələrinin yaradılması ilə bağlı rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlar barədə məsələ qaldırılıb. Problemin həlli rayonda tütünçülüyün inkişafı üçün geniş imkanlar yaradacaq.

Qeyd edək ki, ötən il Masallı rayonunda 35 hektarda tütün əkilib. Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə -“İlham” MMC-yə 57,2 ton qurudulmuş tütün təhvil veriblər.