AQRO

07 May

Yardımlıda indiyədək 1314,5 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib

Yardımlı rayonunda kənd təsərrüfatının bitkiçilik sahəsi ilə məşğul olan fermerlər və məhsul istehsalçıları xüsusi karantin rejiminin tələblərinə uyğun yazlıq əkin işlərini davam etdirirlər.

Rayonda bu ilin məhsulu üçün indiyədək 1314,5 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib. Bu, əvvəlki ilin müvafiq dövründəki 1297,5 hektar əkin sahəsindən 17 hektar çoxdur.

Bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev Fins.az-a məlumat verib.

Qeyd olunub ki, yazlıq əkinin 410 hektar sahəsini dənli və dənli-paxlalı bitkilər, 760,5 hektarını kartof, 144 hektarını isə müxtəlif növ tərəvəz bitkiləri təşkil edir.

Rayonun Vərov, Honuba, Telavar və Vərgədüz ərazi nümayəndəliklərinin məhsul istehsalçıları yazlıq əkin kampaniyasında fəallıq nümayiş etdirirlər.

Hazırda rayonun yüksək dağlıq ərazilərində yazlıq bitkilərin əkini davam etdirilir.