AQRO

06 May

Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı nəzərdə tutulub

Dördüncü ildir ki, Hacıqabulda ipəkqurdu bəslənilir. Ölkədə bu ənənəvi sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən sevinclə qarşılanıb. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürüldüyündən onların sayı ilbəil artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, ötən il rayonda 78 qutu ipəkqurdu toxumu paylanılıb və 1912 kiloqram məhsul istehsal olunub. Bu mövsüm isə 52 ipəkçi ailəsinə 120 qutu (2280 qram) ipəkqurdu toxumu paylanılıb. İpəkçilər mütəxəssislərin məsləhətlərindən yararlanaraq qurdlara aqrozootexniki qaydada qulluq edirlər.

Kümçü Şamo Həsənov dördüncü ildir ki, ipəkqurdu bəsləyir. O, sovet dönəmində də baramaçılıqla məşğul olub və bu sahədə yaxşı təcrübəyə malikdir. “Rayonda barama istehsalına yenidən başlanılması mənim də ürəyimcə olub. Ötən il 190 qram ipəkqurdu toxumundan 300 kiloqram məhsul istehsal etmişəm. Bu il isə 128 qram ipəkqurdu toxumu götürüb bəsləyirəm. Mütəxəssislərin hesablamalarına görə, bəslədiyim ipəkqurdundan 300 kiloqramdan çox barama əldə olunacaq ki, bunun da mənfəəti 4 min manatdan çoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, bu il Hacıqabulda 4 tondan çox barama istehsalı nəzərə tutulur.