AQRO

04 May

Alimlərin yeni layihələndirdiyi “Troslu çevik mala”nın ilkin sınağı keçirilib

“Aqromexanika” Elmi Tədqiqat İnstitutunun alimləri xüsusi karantin rejiminə əməl etməklə öz fəaliyyətlərini fasiləsiz olaraq davam etdirirlər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, bu günlərdə alimlər tərəfindən layihələndirilərək ixtira səviyyəsində hazırlanmış “Troslu çevik mala”nın Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əkin sahəsində sınağı aparılaraq fermerlərə nümayiş etdirilib. Sınaq zamanı mala nəzərdə tutulan texniki göstəricilərə tam cavab verib. Malanın əsas üstün cəhətləri onun manevretmə qabiliyyətinin daha yüksək, konstruksiyasının yığcam, sadə və möhkəm olması, həmçinin texnoloji əməliyyatın yüksək keyfiyyətlə yerinə yetirilməsindən ibarətdir. Belə ki, sahə daha keyfiyyətli hamarlanmaqla kəltənlərin xırdalanma və alaq otlarının məhv olma faizi aqrotexniki tələbatda nəzərdə tutulan hüdud daxilində alınır. Bundan əlavə, tədqiq olunan malada işçi orqan (çevik, barabantipli dişlər) fırlanma hərəkəti etdiyindən ona alaq otları sarınmır və iş zamanı əlavə boş dayanmağa yol verməyib, dişlərin təmizlənməsinə ehtiyac qalmır.

Sahə nümayiş olunan mala ilə səpin üçün hazırlandıqdan sonra həmin ərazidə birbaşa pambıq çiyidi səpini aparılıb. Mala asma tipli olub, “МТЗ-892” markalı traktorla aqreqatlaşıb, saatlıq məhsuldarlığı hərəkət sürətindən asılı olaraq 3-4 hektar təşkil edib.

İxtira səviyyəsində hazırlanmış malaya Rusiya Federasiyasının patenti alınıb.

“Troslu çevik mala”nın texniki, iqtisadi və istismar göstəriciləri yüksək olduğundan onun gələcəkdə kütləvi şəkildə istehsal olunub, fermerlərimizin istifadəsinə verilməsi məqsədəuyğun hesab edilib.