AQRO

04 May

Azərbaycanda xırdabuynuzlu heyvanlar arasında bu xəstəliyə qarşı peyvəndləmə tədbirinə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindənFins.az-a bildirilib ki, respublika ərazisində xüsusi təhlükəli xəstəliklərdən olan xırdabuynuzlu heyvanların çiçək xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirlərinə başlanılıb. Bu məqsədlə rayon (şəhər) baytarlıq idarələrinə qoyun və keçilərin çiçək xəstəliyinə qarşı 4041200 doza miqdarında çiçək vaksini göndərilib. Vaksin bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılıb. Hal-hazırda peyvəndləmə tədbirləri aparılır.

Qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon (şəhər) baytarlıq idarələri AXA tərəfindən bioloji preparatlarla təmin olunmaqla peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “soyuq zəncir” rejiminə ciddi əməl edilir. Baytarlıq preparatlarının effektivliyi onların düzgün saxlanması və istifadəsindən asılı olduğu üçün daim vaksinlər +2÷+8 °C temperaturda, günəş şüalarından kənar şəraitdə saxlanılır.

Çiçək iti gedişli virus xəstəliyi olmaqla intoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur.

Xəstəliyin inkubasiya müddəti 4-12 gündür. Xəstəlik zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, tezləşmiş nəbz və tənəffüs, iştahanın itməsi ilə başlayır. 1-4 gündən sonra roziolalar (çiçək formaları), onlardan isə 12-15 mm diametrli papulalar inkişaf edir. Çiçək səpgiləri çox vaxt dodaqda, göz ətrafında, qabaq və arxa ayaqların iç tərəfində, xaya torbasında, həmçinin yelinin dərisində və dişilərin cinsiyyət dodaqlarının(vaginanın) selikli qişalarında olur. 5-6 gün sonra toxumalar ölür və qaysaqlanıb düşür. Əgər çiçək prosesi mürəkkəbləşərsə, o zaman tənəffüs yollarının və mədə-bağırsaq sistemini zədələnməsi ilə müşayiət olunan sekundar infeksiyanın yaranması ön plana keçir.

Qoyunların ümumi vəziyyətinin ağırlaşması, bədən temperaturunun yüksəlməsi ilə davam edir. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir. Yekun çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə balasalma ola bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr - pnevmoniya, qastroenterit, irinli artrit və korluq olur. Xəstəliyin yaxşı proqnozu zamanı ölüm 2-3 faiz, yayılmış və hemoroji çiçək zamanı isə 100 faizədək ola bilər.

Hazırda Azərbaycanda xəstəliyə qarşı qoyun çiçəyi virusundan hazırlanmış heterogen (qoyun və keçi çiçəyi peyvəndi) peyvəndindən istifadə edilir. Vaksinlər dövlət vəsaiti hesabına alınır və ödənişsiz əsaslarla heyvanlara tətbiq edilir. Tədbirlərin heyvanlar yaylağa çıxana qədər yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, mütəxəssislər xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Eləcə də tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.

Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitdə aparılması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.

Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfata yeni gətirilən qoyun və keçilər məcburi surətdə karantində saxlanmalıdır. Eləcə də təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət olunmalıdır.

Hazırda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş xüsusi karantin rejiminin qaydalarına və epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı tədbirlər davam etdirilir.