AQRO

04 May

Yeni növ pambıq toxumunun sınaq əkini aparılıb

Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Ucar-Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Azərbaycanda ilk dəfə olaraq Türkiyənin “May 344” pambıq toxumunun sınaq əkini aparılıb.

Fins.az xəbər verir ki, hər hektarda 45-50 sentner məhsul verən “May 344” pambıq toxumu respublikamıza Aqrar İnnovasiya və Təchizat Şirkəti tərəfindən gətirilib və müxtəlif torpaq tiplərində sınaqdan çıxarılır.

Ucar rayonunda sınaq əkini 2 hektar sahədə aparılıb. Sınaq əkini respublikamızda yeni, ilk dəfə istifadə edilən monitorlu çiyidsəpənlə aparılıb. Monitorda səpinin gedişinə, torpağa düşən toxumun miqdarına tam nəzarət olunur. Bu texnika gübrə diskləri ilə təchiz edilib və əkinlə birlikdə sahəyə ammofos gübrəsi də verilib. Ammofos bitkinin boy artımı və məhsuldarlığı üçün çox əhəmiyyətlidir. Səpinin ənənəvi şəkildə aqrotexniki qaydalara uyğun becərilməsi təmin olunacaq.

“May 344” pambıq toxumunun sınaq əkini İmişli, Saatlı və Beyləqan rayonlarında da aparılıb.

Qeyd edək ki, ötən il Ucarda Çin texnologiyası ilə 10 hektarda pambıq əkilib və hər hektardan 60 sentnerdən çox məhsul götürülüb. Bu il də Ucar-Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası ilə daha 16 hektarda əkin aparılıb. Fermerlər “May 344” pambıq toxumundan bizim torpaqlarda da yaxşı məhsuldarlıq gözləyirlər.