AQRO

01 May

Bu il Balakəndə yaş barama istehsalının 52 tona çatdırılması proqnozlaşdırılır

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 15 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının 1300 qutusu Balakən rayonundakı keçmiş barama toxumu zavodunda inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti artıq başa çatıb və əldə olunan ipəkqurdlarının rayonun kümçülərinə paylanılmasına başlanılıb.

Bu barədə Fins.az-a Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu günədək 400-dək kümçüyə 1030 qutu və ya 19 kiloqram 570 qram ipəkqurdu paylanılıb. Kümçülərə ipəkqurdlarının paylanılması prosesi növbəti iki-üç gün ərzində başa çatdırılacaq.

Turan Dibirovun sözlərinə görə, builki mövsümdə Balakəndə yaş barama istehsalının ötən illə müqayisədə 8 tona yaxın artırılaraq, 52 tona çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, yaş baramanın satış qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi balakənli fermerlərin də bu gəlirli sahəyə marağını artırıb. Qeyd edək ki, ötənilki mövsümdə Balakən rayonunda 44 ton 144 kiloqram yaş barama istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 14 ton 326 kiloqram artıb. Keçən il rayonda barama istehsalı ilə 311 kümçü məşğul olub. Cari təsərrüfat ilində isə baramaçılıqla məşğul olmaq istəyənlərin sayı daha da artıb.