AQRO

01 May

Zaqatalalı kümçülərə 1450 qutu ipəkqurdu paylanılacaq

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 5 ton artırılaraq, 58 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 1450 qutu ipəkqurdu paylanılacaq.

Fins.az xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılacaq ipəkqurduları rayonun özündə inkubasiya olunub. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 15 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının 1450 qutusu aprelin 19-da Zaqatala rayonundakı inkubasiya kameralarına qoyulub. Toxumların inkubasiya müddəti artıq başa çatıb və əldə olunan ipəkqurdularının aprelin 28-dən bölgü əsasında rayonun kümçülərinə paylanılmasına başlanılıb.

Rayon icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadənin verdiyi məlumata görə, prosesin ilk üç günündə kümçülərə 893 qutu və ya 16,9 kiloqram ipəkqurdu paylanılıb.

Zaqatalalı kümçülərə ipəkqurdularının paylanılması prosesi növbəti iki gün ərzində başa çatdırılacaq.