AQRO

01 May

Rusiya bazarlarına qısa müddətdə 2500 tona yaxın Cəlilabad kartofu çıxarılıb

Yaz fəslinin gəlməsi ilə bazara nübar məhsullar da çıxarılmağa başlanılır. Bir neçə gündür ki, Cəlilabadda qış fəslində örtük altında becərilən kartofun kütləvi yığımına start verilib. Qısa vaxtda 2500 tona yaxın yerli məhsul Rusiya bazarlarına göndərilib.

Fins.az xəbər verir ki, bu il Cəlilabadda yazlıq məhsul üçün 5300 hektara yaxın sahədə kartof əkilib. Bunun 500 hektara yaxını örtük altında becərilən kartof sahələridir. Hazırda hər hektardan 14-15 ton kartof götürən fermerlər məhsuldarlıqdan razıdırlar. Torpaq-iqlim uyğunluğu nəzərə alınaraq, əkin zamanı bol məhsul verən və bazarda yaxşı qiymətə satılan "Udaçi” və “Kembirov" sortlarına üstünlük verilib.

Təcrübəli fermer Xanlar Mirzəyevin sözlərinə görə, bu il daxili bazarla yanaşı, xarici tələbatı ödəmək üçün də bol məhsul var: “Örtük altında əkilən kartofumuz artıq yetişib, xarici bazara ixraca da başlamışıq. Məhsuldarlıq da yüksəkdir. İşçilərimiz karantin rejiminin qaydalarına uyğun fəaliyyət göstərirlər. Hər bir işçi tibbi maska və dezinfeksiyaedici məhlulla təmin olunub”.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il fermerlərin istehsal etdiyi məhsulun 70 faizə yaxını Rusiya bazarlarına göndərilib və 20 milyon manatdan çox xalis gəlir əldə olunub. Hazırda mövcud karantin rejiminə baxmayaraq, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı prosesində hər hansı problem yoxdur. Fermerlər öz sahələrində əkinlə məşğuldurlar.