AQRO

29 Aprel

Azərbaycanda ilk dəfə laboratoriya şəraitində istehsal olunan calaqaltılar sahəyə köçürülüb - FOTO

Ölkəmizdə ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə istehsal olunan vegetativ klon calaqaltı formaları sahəyə köçürülüb.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanova Fins.az-a bildirib ki, çəyirdəkli meyvə bitkilərinin calaqaltıları in-vitro üsulu ilə çoxladılıb və bütün mərhələləri keçdikdən sonra sahəyə köçürülüb. Bu bitkilər normal boya və kök sisteminə malik olduğu üçün açıq sahəyə uyğunlaşması da uğurla keçəcək. Calaqaltılar növbəti mərhələdə calaq olunacaq, bir ildən sonra sağlam və yüksək keyfiyyətli əkin materialı əldə ediləcək. Bu bitkilərin ən böyük üstünlüyü virussuz olmasıdır.

Meyvəçilik və Çayçılıq ETİ-nin direktoru İlham Qurbanov bildirib ki, bu calaqaltılar iqtisadi baxımdan da çox əlverişlidir. Belə ki, bu calaqaltılar üzərində calaq edilən meyvə tingləri üçüncü ildə məhsula düşür, beşinci ildə isə artıq bağa qoyulan xərcləri çıxarır. “Adi calaqaltılarda bir hektardan 15 ton məhsul əldə olunursa, bu calaqaltılar üzərində yetişdirilən tinglərdən bir hektardan təxminən 50 tona qədər məhsul əldə etmək mümkündür. Bu bağlardan əldə olunan məhsulun keyfiyyəti də bazar tələblərinə tam cavab verir. Yəni, məhsulun rəngi parlaq, ölçüləri iri və standart olur”, - deyə İlham Qurbanov əlavə edib.

İlham Qurbanovun sözlərinə görə, bu kimi calaqaltılar ölkəyə 2003-cü ildə gətirilsə də, istehsalına ilk dəfə Meyvəçilik və Çayçılıq ETİ tərəfindən başlanılıb. Əsas məqsəd bu istiqamətdə özəl tingçilik təsərrüfatları ilə birgə çalışaraq ölkəyə ting idxalının qarşısını almaqdır. Çünki xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi də ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir. Gələn ilin sonuna kimi Meyvəçilik və Çayçılıq ETİ-da bir milyonadək tingin istehsalı planlaşdırılır.

Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq ETİ-nun yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.