AQRO

13 Aprel

\"Alıcılar çox vaxt məhsulu gəlib istixanadan alırlar\"

Ağsu rayonunun Daşdəmirbəyli kəndində yaşayan Vahid Əlabbasov ailə fermer təsərrüfatının sahibidir. 0,30 hektar sahədə istixana təsərrüfatı qurub və artıq üç ildir ki, bu sahə ilə məşğuldur. Ailənin 5 üzvü var. Yaz və payız aylarında təsərrüfata daha 5 nəfər işçi qüvvəsi cəlb edilir.

Vahid Əlabbasov Fins.az-a istixana təsərrüfatının onlar üçün çox sərfəli olduğunu söyləyərək deyib: “İstixanada pomidor və xiyar yetişdiririk. Hər il orta hesabla 50-60 ton məhsul istehsal edirik. Məhsullar yerli bazarlara göndərilir. Alıcılar çox vaxt məhsulu gəlib istixanadan alırlar”.

Hazırda istixanada xiyar yetişdirilir. Xiyar tağları artıq çiçək açıb. Məhsul yığımı heç də uzaqda deyil. Ailə bol məhsul gözləyir. Becərmə işlərində daha çox üzvi gübrələrdən istifadə olunur. Çoxları kimi, Əlabbasovlar ailəsi də məhsulun daha keyfiyyətli olması üçün üzvi gübrənin daha sərfəli olduğu qənaətindədir. Mal-qaranın heç də az olmadığı kənddə təsərrüfat üçün üzvi gübrə, demək olar ki, havayı başa gəlir.