AQRO

09 Aprel

İmişlidə üç ayda süni mayalanma yolu ilə 525 baş buzov alınıb

İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

Rayon Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, hazırda İmişlidə 6 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Onlardan da 4-ü əsas, 2-ü isə yardımçı məntəqələrdir.

Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2999 baş inək və düyədən cari ilin üç ayında 525 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara, ümumilikdə, 52 min 500 manat subsidiya ödənilib.

Qeyd edək ki, hazırda İmişlinın heyvandarlıq təsərrüfatlarında 95 min 397 baş iribuynuzlu mal-qara saxlanılır. Bunların da əksəriyyəti süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.