Aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı, sahibkarlara dəstək Şamaxı rayonunda kənd təsərrüfatı məhsullarının intensiv artımını təmin edib və təsadüfi deyildir ki, yola saldığımız 2019-cu ildə məhsul istehsalı əvvəlki illə müqayisədə 17,1 faiz çox olub.
Rayon statistika idarəsindən bildirilib ki, keçən il 81 milyon 352 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, inişilkindən 11 milyon 896 min manat çoxdur.
Aqrar sektorda istehsal olunan məhsulların 44 milyon 741 min manatı bitkiçilikdə, 36 milyon 611 min manatı isə heyvandarlıqda qeydə alınıb. Ötən il bitkiçilikdə artım 24,5 faiz, heyvandarlıqda isə 11,7 faiz olub.
Qeyd edək ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalında özəl sektorun çəkisi getdikcə artır. Yola saldığımız ildə böyük taxılçılıq təsərrüfatı “Aqro Dairy operations” MMC, üzümçülük təsərrüfatı “Az-Qranata” MMC-nin Şamaxı təsərrüfatı, heyvandarlıqda Kürdəmir süd emalı zavodunun Şamaxı təsərrüfatı, “Sabah” MMC və digərləri yüksək istehsal göstəricilərinə nail olublar.