AQRO

21 Yanvar

Kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın əsas yolu emal sənayesi vasitəsilə mümkündür

Ölkəmizdə meyvə-tərəvəz istehsalı böyük dərəcədə artsa da, emal müəssisələri kifayət qədər deyil. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu barədə danışarkən deyib: “Növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar hazırda kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər, qurudulmuş meyvə - bütün bu sahə gərək çox ciddi dəstək alsın, həm dövlət tərəfindən, həm özəl sektor da bu işlərə qoşulmalıdır. Yəni, özəl sektor onsuz da bu işləri görür, yəni öz vəsaiti hesabına bu işləri görməlidir”.

Bununla bağlı AZƏRTAC-ın sualını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, Azərbaycanda emal sənayesinin inkişafı üçün böyük potensial var. Hazırda kənd təsərrüfatının emalı sənayesində yaradılan əlavə dəyərin ilkin kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yaradılan əlavə dəyərə nisbəti 25 faiz təşkil edir.

Mərkəzin direktoru diqqətə çatdırıb ki, ki, bu göstərici inkişaf etmiş ölkələrdə ən azı 1 - 1,2, hətta 1,4 faiz nisbətindədir: “Meyvə-tərəvəzin qurudulması, toxuculuq, pambıqçılıq, ipəkçilik, süd məhsullarının emalı sahələrinin perspektivləri var. Kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın əsas yolu emal sənayesi vasitəsilə mümkündür. Azərbaycan emal olunmamış kənd təsərrüfatı məhsulları üzrə ixrac edə biləcəyi həcmin demək olar ki, maksimumuna yaxınlaşıb. Bu baxımdan, dövlətimizin başçısının da vurğuladığı kimi, emal sənayesinin böyük perspektivi var. Hazırda emal sənayesi üzrə ölkənin mövcud potensialının çox az bir hissəsindən istifadə olunur. Demək olar ki, kənd təsərrüfatı məhsullarının emalı üzrə ixracın ilkin mərhələsindəyik. Emal sənayesinin inkişafı ölkənin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac potensialının gücləndirilməsində mühüm rol oynayacaq”.

Firdovsi Fikrətzadə, həmçinin qeyd edib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə emal sənayesinin inkişafı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı istiqamətində görüləcək işlərə dair texniki əsaslandırmalar hazırlayır və bununla bağlı təkliflər hökumətə təqdim olunacaq.