AQRO

16 Yanvar

Şəkinin taxıl sahələrində fitosanitar tədbirlər gücləndirilib

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəki rayonunun təsərrüfatlarında 2019-cu ilin payızında cari ilin məhsulu üçün 67 min 542 hektar sahədə taxıl əkilib. Son zamanlar havaların mülayim və quraq keçməsi səbəbindən bəzi təsərrüfatların taxıl sahələrində ziyanvericilər çoxalıb. Bununla əlaqədar olaraq, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin müvafiq qurumları tərəfindən 51 min 200 hektar taxıl sahəsində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb. Müşahidələr nəticəsində 49 min 340 hektarda iqtisadi zərərvermə həddində sirayətlənmə aşkar edilib. İndiyədək büdcə vəsaiti hesabına 37 min 255 hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Bundan əlavə, 12 min 85 hektarda dərin şum aparmaqla aqrotexniki-mexaniki mübarizə tədbirləri yerinə yetirilib.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Nurəddin İbrahimov məlumat verib.

Qurum rəsmisi bildirib ki, indiyədək 740 nəfər istehsalçının əkin sahələrinə baxış keçirilib və onlara tələbata uyğun dərman preparatı verilib. Fermerlər preparatla işləyərkən təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı təlimatlandırılıblar.

Hazırda taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir.