Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində sahibkarların ixrac və idxal prosedurlarının daha rahat şəkildə həyata keçirilməsi, habelə daxili istehsalın stimullaşdırılması, son məhsulun həm yerli bazarda, həm də xarici bazarlarda rəqabət qabiliyyətli olması üçün dövlət tərəfindən mütəmadi olaraq iqtisadi və hüquqi islahat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev sahibkarlar qarşısında nitq söyləyərkən, mütəmadi olaraq ərzaq təhlükəsizliyi məsələsinə toxunaraq, sözügedən məsələnin prioritet olduğunu vurğulayır. İslahatlar geniş vüsət aldıqca, Azərbaycanın dünyanın əksər ölkələri ilə ticarət dövriyyələri artır və yeni ticarət müqavilələri bağlanır. Bütün bunlar, ölkəmizin ixrac-idxal gömrük siyasətinin ildən ilə təkmilləşdirməyə və beynəlxalq təcrübənin öyrənilərək tətbiq etməsinə sövq edir.
Əhalinin gündəlik tələbatının ödənilməsində xüsusi rol oynayan kənd təsərrüfatı məhsullarının ölkədə istehsalının stimullaşdırılması istiqamətində Nazirlər Kabineti tərəfindən 25 avqust 2017-ci il tarixində “Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiqlənib.
Qeyd olunan üç il müddətində qüvvədə olacaq Siyahının tədqiqi və təhlilinə əsasən, respublikada istehsal olunan məhsulların böyük əksəriyyəti əhalinin gündəlik tələbatında yer tutan son məhsulların maya dəyərinə, o cümlədən kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinə təsir göstərəcəkdir. Siyahıda əks olunan mal mövqelərinin adlarını üç qrup əsasında, müvafiq olaraq safqanlı cins diri heyvanlar və ev toyuqları, toxumlar, avadanlıq (hissələri) və qurğulara təsnifatlaşdırılıb. Sözügedən üç qrup daxili istehsalda böyük paya malik kənd təsərrüfatı məhsullarının ölkənin həm ərzaq təhlükəsizliyi, həm də rəqabətqabiliyyətli qiymət formalaşmasında rol oynacağını müəyyən etmək olar.
Safqanlı cins diri heyvanlar və ev toyuqları üzrə idxal rüsumundan azad olunması ilə sözügedən istehsal vasitələri ilə alınan məhsulların məhsuldarlığı daha da artacaqdır. Ölkədə illik istehsal gücü 5 000 tondan çox olan 10-dək iri süd emalı müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, Vergilər Nazirliyinin məlumat bazasında süd məhsullarının emalı ilə məşğul olan 30-dək kiçik müəssisənin də adına rast gəlmək mümkündür. Bu müəssislərdə demək olar ki, bütün növ süd emalı məhsulları – pasterizə olunmuş içmə südü, kərə yağı, qaymaq, kəsmik, pendir, şor, süd tozu istehsal edilir. Rəsmi statistika əsasən, süd və süd məhsullarına illik tələbat 2 milyon tondan çoxdur. Nəzərə alsaq ki, yeri cins diri heyvanların məhsuldarlığı illik tələbatı ödəmək üçün kifayət etmədiyindən, xarici ölkələrdən məhsuldarlıq göstəricisi yüksək olan cins diri heyvanların alınmasına ehtiyac vardır. Bu baxımdan, Safqanlı cins diri heyvanların ölkəyə gətirilməsi üçün tələb olunan idxal rüsumundan azad olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermərlərin sərfiyyatını bir qədər azaldacaq, o cümlədən həmin cins diri heyvanlardan alınan məhsulların bazar qiymətlərində enmə müşahidə olunacaqdır. Bundan əlavə, azad olmalar dünya bazarında geniş tələbata malik olan quru südün Azərbaycanda istehsalı üçün potensial imkanlar yaradır. Quru südün ölkəmizdə minimum istehsala malik olma səbəbi, hər inək başına düşən süd istehsalının istənilən səviyyədə olmamasıdır. Orta hesabla Respublikada olan südlük inəklər ildə 1 – 1.5 ton süd verirlər, hansı ki, digər südlük inək növləri ilə müqayisədə qat-qat aşağıdır. Əlavə olaraq qeyd edək ki, Azexport portalı vasitəsilə quru süd üçün Ukrayna, Rusiya, Qazaxıstan kimi ölkələrdən sifarişlər daxil olub. Gömrük idxal rüsumlarından azad olunan safqanlı cins diri heyvanların ölkəyə gətirilməsi üçün yaranan təşviq mühiti quru südün daxili istehsalda artacağına zəmin yaradacaq.
Eyni proqnozu toyuq məhsulları ilə bağlıda demək mümkündür. Ölkəmizdə yerli ev toyuqlarının məhsuldarlıq qabiliyyəti aşağı olduğundan, Nazirlər Kabineti tərəfindən Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının (Gallus domesticus) cücələrinin yumurtlayan növləri və digər növləri idxal rüsumundan azad olunmuşdur. 2016-cı ilin statistikasına əsasən, 1,6 mlrd ədəd yumurta istehsal olunmuş, 19 milyonu ədədi isə idxal olunaraq yumurta ehtiyatının 1,2 %-ni təşkil etmişdir. Daxili istehsalın 2015-ci ilə nisbətən 2016-cı ildə 4% artmasına baxmayaraq, idxalda 28% artım qeydə alınmışdır. Nəzərə alsaq ki, yumurta və toyuq gündəlik əhalinin qida rasionun əsas tərkib hissəsidir (ərzaq məhsulu kimi yumurta ümumi yumurta ehtiyatının 92%-dir), qəbul edilmiş qərar istehlakçıların sözügedən məhsullara əlçatanlığını bir qədərdə yaxşılaşdıracaqdır.
İkinci qrup istehsal vasitəsi hesab olunan, toxumların qeyd olunan müvafiq mallar üzrə idxal rüsumundan azad olunması soya paxlaları, günəbaxan, şəkər çuğunduru, qırmızı üçyarpaq yonca məhsuldarlığının daha da artmasına təsir edəcəkdir. Beynəlxalq təcrübəni tədqiq etdikdə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2014-cü il statistikasına əsasən, orta məhsuldarlıq dünya üzrə orta məhsuldarlıq Azərbaycandan daha çoxdur. [1]
Dünya ölkələri ilə Azərbaycan arasında yaranan orta məhsuldarlıq fərqi:
Məhsul
|
Dünya (ton)
|
Azərbaycan (ton)
|
Fərq
|
Soya
|
2.6
|
0.5
|
2.1
|
Şəkər çuğunduru
|
60
|
30
|
30
|
Günəbaxan
|
1.6
|
1.6
|
0
|
Habelə, qeyd olunan məhsulların bazar qiyməti ilə əlaqədar beynəlxalq təcrübəni tədqiq etdikdə, həmin məhsulların bazar qiyməti, daxili istehsal qiymətlərindən daha rəqabətqabiliyyətlidir. Müqayisəli üstünlük nəzəriyyəsini əsas götürəcərək, soya paxlaları, günəbaxan, şəkər çuğunduru, qırmızı üçyarpaq yonca daxili bazarda daha rəqabətqabiliyyətli olması üçün idxal rüsumundan azad olunması düzgün atılmış addımdır. Bundan əlavə, rüsumdan azad olunma toxumların ölkəyə daha ucuz qiymətə gətirilərək, daxili istehsal miqyasını daha da genişləndirəcəkdir. Habelə, soyanın quşçuluq, yoncanın isə heyvandarlıq sənayesi üçün istehsal vasitəsi olduğunu nəzərə alsaq, hər iki sahənin rentabelliyi və məhsuldar fəaliyyət göstərəcəyini proqnozlaşdırmaq mümkündür.
Üçüncü qrup istehsal vasitəsi olan avadanlıq və qurğuların idxal rüsumundan azad olunması kənd təsərrüfatında istehsalın daha sürətli və məhsuldar olacağını göstərir. Kənd təsərrüfatı məhsulları üçün quruducular, Süd separatorları, Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər tutumların yuyulması və ya qurudulması üçün avadanlıqlar, Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri, sağıcı qurğu və aparatlar, südün emalı və təkrar emalı üçün avadanlıqlar, kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların cücərdilməsi üçün mexaniki və ya qızdırıcı qurğulu avadanlıqlar da daxil edilməklə, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər, toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar, unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqların idxal rüsumundan azad olunması süd sənayesi, habelə, quşçuluq, arıçılıq və digər təsərrüfatların daha məhsuldar işləməsində kömək edəcəkdir.
Yekun olaraq, hər üç qrup mal mövqelərinə nəzər saldıqda, idxal rüsumundan azad olunan sektorların hər biri əhalinin gündəlik tələbatında yer tutan komponentlərdir. Hər üç qrup ortaq məqsədə xidmət etdiyindən, müvafiq məhsulların məhsuldarlığının üç il müddətində daha məhsuldar olacağını proqnozlaşdırmaq mümkündür. Nümunə olaraq, süd sənayesinin və yumurtanın məhsuldarlığını proqnozlaşdırdıqda məlum olur ki, birinci qrup üzrə safqanlı diri cins heyvanların və ev toyuqlarının, həmin heyvanların yemlənməsi üçün ikinci qrupa daxil olan soya və yoncanın, o cümlədən sözügedən məhsullar üçün ixtisaslaşmış avadanlıqların ölkəyə gətirilməsi hər iki məhsulun gələcək illərdə ərzaq təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir edəcək. Azərbaycanın Kənd Təsərrüfatı üzrə Strateji Yol Xəritəsinin tədbirlərində ərzaq təhlükəsizliyinin hədəf olaraq göstərilməsi, o cümlədən il ərzində iki dəfə monitorinq və qiymətləndirilməsi qarşıya qoyulan məqsədə daha sürətli və effektiv çatmağa kömək edəcəkdir.