AQRO

16 Yanvar

Cəlilabadda Türkiyə və İspaniyadan gətirilmiş məhsuldar çiyələk sortları əkilir

Türkiyə və İspaniyadan gətirilmiş məhsuldar çiyələk sortları artıq altı ilə yaxındır Cəlilabadda yetişdirilir. Faraş əkinçiliyə xüsusi maraq göstərən fermerlər bu il 100 hektara yaxın sahədə örtükaltı çiyələk əkini aparıblar.

Fins.az xəbər verir ki, məhsuldar sortların yetişdirilməsində artıq mütəxəssis problemi də həll olunub. Yüksək gəlir əldə etmək məqsədilə cəlilabadlı fermerlər xarici mütəxəssislərlə əməkdaşlıq edirlər. Ötən il rayon üzrə 3800 ton, bu mövsüm isə 9300 ton çiyələk istehsal olunub. Bu isə ötən illə müqayisədə məhsulun üç dəfəyədək artması deməkdir.

Fermer Mirhüseyin Cəfərov deyir ki, hazırda faraş çiyələk əkini aparılan sahələrdə ilkin becərmə tədbirlərinə başlanılıb. O, əkdikləri bu sortun digərlərindən fərqləndiyini bildirir: “Yerli sortlarla bunların fərqi xəstəliklərə dözümlülüyü və uzaq yol üçün daşınmasının əlverişli olmasıdır. Yerli sortlar ancaq may ayında dərilirsə, bu sortun məhsulunu sentyabr və oktyabr aylarına qədər dərmək mümkündür”.

İntensiv texnologiya əsasında qulluq göstərilən xarici sortlarda orta məhsuldarlıq 300 sentnerə çatır, bəzən də daha çox məhsul götürmək olur. Mirhüseyin Cəfərov onu da bildirib ki, bu il faraş çiyələyin əkinindən daha çox gəlir əldə edəcəklər: “Ötən ilə qədər problemlərimiz var idi. Soyuducuların fəaliyyətindən sonra problem həllini tapdı. İndi hər şey normaldır. Aprel ayından yığıma başlıyarıq. Məhsulumuz əsasən Rusiyaya və yerli bazara daşınır”.

Qeyd edək ki, rayon ərazisində 500 hektara yaxın sahədə çiyələk əkilir. Yeni ildə əlavə olaraq 30-40 hektar yeni çiyələk sahəsinin salınması da planlaşdırılır.