AQRO

15 Yanvar

2019-cu ildə istehlak bazarındakı qiymətlər açıqlanıb

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 102,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,8 faiz, qeyri-ərzaq malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102 faiz təşkil edib.

Dekabr ayında istehlak qiymətləri indeksi noyabrla müqayisədə 100,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1 faiz olub.

Keçən ilin dekabrında əvvəlki ayla müqayisədə düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, pasterizə olunmamış üzlü südün, pendirin, yumurtanın, kəsmiyin, günəbaxan yağının, bananın, almanın, armudun, narın, xurmanın, üzümün, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, limonadın qiymətlərində bahalaşma olub. Unun, toyuq ətinin, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, heyvanın, kivinin, qozun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, çayın, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə edilib. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2019-cu ilin dekabr ayında noyabra nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, divar kağızlarının, yağlı və sulu boyaların, soyuducuların, velosipedlərin, tozsoranların qiymətlərində bahalaşma olub. Kondisionerlərin, mobil telefonların, televizorların, kəsilmiş taxtanın, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə ucuzlaşma müşahidə edilib. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.

Dekabr ayında noyabrla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, məişət cihazlarının təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.