AQRO

15 Yanvar

Hacıqabulda ötən il 19 min tondan çox süd istehsal olunub

Hacıqabulda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün rayonda müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində də rayonda mal-qaranın baş sayı, ət, süd, yun və yumurta istehsalı artır.

Rayon statistika idarəsindən verilən məlumata görə, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 35 min 113 baş iribuynuzlu mal-qara, 133 min 272 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 15 min 311 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin dəyişdirilməsi istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artmasına güclü təsir göstərib.

Yola saldığımız ildə rayonda 9 min 345 ton ət (diri çəkidə), 19 min 773 ton süd, 231 ton yun, 344 milyon 623 min ədəd yumurta istehsal olunub ki, bu da 2018-ci ildə istehsal olunan ətdən 20.02 faiz, süddən 8.2 faiz, yundan 0.19 faiz, yumurtadan isə 15.4 faiz çoxdur.