AQRO

14 Yanvar

Fermer: Aran bölgəsində camışçılığı inkişaf etdirmək üçün əlverişli şərait var

Yevlax rayonunda camışçılıq əsasən şəxsi təsərrüfatlarda inkişaf etdirilir. Belə təsərrüfatlardan biri rayonun Qoyun Binəsi kəndində fəaliyyət göstərən “Avdılar” fermer təsərrüfatıdır.

Təsərrüfatın rəhbəri Qabil Məmmədov bildirib ki, camışlar yemə az tələbkar, isti iqlim şəraitinə dözümlü, xəstəliklərə qarşı davamlıdır. Yevlax rayonunun iqlim şəraiti camışçılığı inkişaf etdirməyə imkan verir. Təsərrüfatın yaxınlığında su hövzələrinin olması da camışçılıq üçün əlverişli hesab edilir.

“Avdılar” fermer təsərrüfatında hazırda 260 baş camış bəslənilir. Onlardan 150 başa yaxını sağılan camışdır. “İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlərdən istifadə etməklə təsərrüfatımızı genişləndirmişik. Hər camışdan orta hesabla 4 litr olmaqla, gündə 500 litr süd sağılaraq emal müəssisələrinə təhvil verilir. Camış südünün tərkibindəki yağ faizi inək südündən 2,5-3 dəfə çox, yəni 8-10 faizdir”, - deyə Qabil Məmmədov bildirib.

Camışçılığın daha geniş yayılmasının vacibliyini vurğulayan fermer deyib: “Aran bölgəsində camışçılığı inkişaf etdirmək üçün əlverişli şərait var. Mən də uzun illər bu sahədə çalışan fermer kimi dövlətimizin sahibkarlara göstərdiyi qayğıdan bəhrələnərək, camışların baş sayını daha da artırmağı, süd emalını həyata keçirməyi planlaşdırıram”.

©azertac