AQRO

24 Dekabr

Gələn il Azərbaycanın aqrar sektorunda gözlənilən yeniliklər açıqlanıb

“İnfrastrukturun müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsi gələn il də davam etdiriləcək”.

Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının internet səhifəsinə müsahibəsində deyib.

"2020-ci ildə Ağstafa rayonunda yaradılmış “Dilbaz” atçılıq təsərrüfatı üçün yeni atçılıq kompleksinin inşası başa çatdırılaraq istifadəyə veriləcək. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati-laboratoriya binasının, Baytarlıq Klinikasının, Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iri və xırdabuynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Qobustan rayonunda Heyvandarlıq Nümayiş Kompleksinin tikintisi də davam edir və kompleks gələn il istifadəyə veriləcək. Eyni zamanda Şamaxı rayonunda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fillokseraya davamlı calaq-üzüm əkin materialının istehsalı üçün calaq kompleksi inşa olunur. İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min baş arı ailəsindən ibarət Arıçılıq Kompleksinin inşası nəzərdə tutulur. Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər davam etdirilir. Universitetin yeni tədris korpusunun və Peşə Məktəbinin inşası başa çatmaq üzrədir. Növbəti il müxtəlif təyinatlı sort-sınaq məntəqələrinin də inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur”, - nazir qeyd edib.