25 iyul 2025-ci il tarixində Hədəf Şirkətlər Qrupunun baş ofisində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin aparıcı ali təhsil ocaqlarından olan Doğu Akdeniz Universitetinin Bakıda tanıtım ofisinin açılış mərasimi keçirildi.
Finss.az xəbər verir ki, tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Təhsil Naziri Nazım Çavuşoğlu, Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru Mehmet Ali Yükselən, Wotmax şirkətinin rəhbəri İlhami Bilgən, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Nizami Rayon Bələdiyyəsinin sədr müavini Vüqar Tarquliyev, ADPU-nun rektoru Cəfər Cəfərov, AETİHİ sədr müavini Mirzə Cəfərzadə, Marsol Qrup rəhbəri Tural Mustafayev, eləcə də Milli Məclisin deputatları — Vüqar İsgəndərov və Azərbaycan–Kuzey Kıbrıs Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev, təhsil şirkətlərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak etdilər.
Bu təşəbbüs yalnız iki dövlət arasında münasibətlərin inkişafı baxımından deyil, həm də ümumtürk dəyərlərinin qorunması və ortaq gələcək vizyonunun formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Kuzey Kıbrıs arasında bu cür əməkdaşlıq təşəbbüsləri türk dünyasının inteqrasiyasına töhfə verən strateji addımlar kimi qiymətləndirilir.
Təhsil, elm və mədəniyyət sahələrində atılan bu cür addımlar Türk Dövlətləri Təşkilatının dəyərlərinə uyğun olaraq ortaq platformaların formalaşmasına xidmət edir. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, ümumən türk gəncliyinin birliyi, qarşılıqlı anlaşma və həmrəylik ruhunun gücləndirilməsi baxımından da nümunəvi addımdır.
Rəsmi açılış mərasimi ofislə tanışlıqdan sonra rəmzi qırmızı lentin kəsilməsi ilə baş tutdu. Tədbirin açılış çıxışı ilə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq çıxış edərək bildirdi ki, bu təşəbbüs gələcəkdə daha geniş əməkdaşlıqlara yol açacaq.
Daha sonra çıxış edən Təhsil Naziri Nazım Çavuşoğlu vurğuladı ki, iki ölkə arasındakı dostluq və qardaşlıq ortaq mədəniyyət və dəyərlərə əsaslanır. O, Bakı tanıtım ofisinin gələcək nəsillərin maarifləndirilməsində mühüm rol oynayacağına inandığını ifadə etdi.
Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç çıxışında universitetin akademik potensialı, infrastruktur imkanları və təcrübəli müəllim heyəti ilə azərbaycanlı tələbələr üçün geniş perspektivlər yaradacağını vurğuladı. O, həmçinin beynəlxalq səviyyəli təhsil xidmətlərinin tələbələr üçün yeni imkanlar açacağını bildirdi.
Millət vəkili Cavanşir Feyziyev isə təhsil sahəsində ölkələrarası əlaqələrin gücləndirilməsini strateji istiqamət kimi dəyərləndirərək bu addımları dəstəklədiklərini qeyd etdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov belə təşəbbüslərin təhsil sahəsinin inkişafına böyük töhfə verəcəyini vurğulayaraq, Kuzey Kıbrısla qurulan əlaqəni yüksək qiymətləndirdi.
Wotmax şirkətinin rəhbəri İlhami Bilgən çıxışında şirkətlərarası əməkdaşlığın möhkəmləndirilməsi və təhsil layihələrinə dəstəyin əhəmiyyəti barədə fikirlərini bölüşdü. O, belə tərəfdaşlıqların gələcəyə yönəlik mühüm zəmin olduğunu qeyd etdi.
Tədbirdə həmçinin Ufuk Turganer, Mehmet Ali Yükselən və millət vəkili Vüqar İsgəndərov da çıxış edərək Azərbaycan ilə Kuzey Kıbrıs arasında təhsil sahəsindəki əməkdaşlığın önəmini qeyd etdilər və bu istiqamətdə birgə fəaliyyətin davamlı olacağına ümidvar olduqlarını bildirdilər.











