2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 412 min 160 nəfər turist gəlib.
Fins.az, bu barədə Dövlət Turizm Agentliyinin məlumatına istinadən xəbər verir.
Göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,5% artıb. Ötən ilin 10 ayında Azərbaycana 1 milyon 892 min 165 nəfər turist gəlmişdi.
Bu ilin yalnız noyabr ayında Azərbaycaya 202 440 nəfər turist gəlib, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 19,5% çoxdur. Ötən ilin noyabrında bu göstərici 169 461 nəfər olub.
Rəsmi məlumatlara görə, Azərbaycana gələn turistlərin böyük hissəsini Rusiya vətəndaşları təşkil edib. Rusiyalı turistlərin sayı 17,7% artaraq 679 903 nəfərə çatıb.
Azərbaycana gələn turistlər arasında ikinci yerdə türkiyəli turistlər yer alıb. Onların sayı 13,8% artaraq 389 173 nəfər olub.
Üçüncü sırada Hindistan vətəndaşları yer alıb, onların sayı 115% artaraq 214 669 nəfərə çatıb.