ANALİTİKA

04 Dekabr

Santa Klausun doğulduğu yer: Antalya Demre bölgəsi

Antalya qardaş Türkiyənin turizm paytaxtı, yay tətili üçün turistlərin vazkeçilməz məkanıdır. Amma Antalya qış mövsümündə də turistlərin sevimli istirahət yeridir. Rəvayətə görə, Antalya Santa Klausun doğulduğu, böyüdüyü və əfsanəyə çevrildiyi ərazidir. Bəs Santa Klausun doğulduğu Antalyanın Demre bölgəsi turistlərə nələr vəd edir?

Xeyirxahlığa həsr olunmuş ürək

IV əsrdə doğulan Müqəddəs Nikola (Santa Klaus) Patara adlı məşhur Likya şəhərində zəngin bir tacirin oğlu olub. Nikolaos kimi tanınan bu şəxs, illər boyu Likya dövlətinin paytaxtı Myranın yepiskopu kimi xidmət göstərib və həyatını xeyirxah işlərə, yoxsullarla hər şeyini bölüşməyə həsr edib. O, bir çox insana kömək edib, pəncərələrə və bacalara hədiyyələr buraxaraq, uşaqların, tacirlərin və dənizçilərin himayəçisi kimi tanınıb.

Möhtəşəm paytaxt

Müasir Antalya sərhədlərində yerləşən Demre bölgəsindəki Myra antik şəhəri, o dövrdə Anadolunun ən böyük ikinci yepiskop mərkəzi sayılırdı. "Möcüzələr müqəddəsi" olaraq tanınan Müqəddəs Nikola xeyirxah əməlləri ilə Myra xalqının sevgisini qazanmışdı. O, 365-ci il dekabrın 6-da xidmət etdiyi kilsədə rəhmətə gedib və dünyasını dəyişəndə bütün bölgə dərin kədər içində yola salıb.

Bu dəyərli insanın xatirəsinə antik şəhərdə məqbərə və bazilika tikilib. Müqəddəs Nikola ilə əlaqəli möcüzələrin təsvir edildiyi bu bazilika zəlzələlər və hücumlar nəticəsində ciddi zərər görüb, IX əsrdə isə günbəzli kilsə kimi yenidən tikilib.

Yeni görkəmli Müqəddəs Nikola Kilsəsi

Arxitektura üslubu və dizaynına görə Orta Şərq Roma dövrü abidələrinin ən görkəmli nümunələrindən biri sayılan bu kilsə orta əsrlərdə Aralıq dənizi marşrutu ilə Yerusəlimə səfər edən xristianlar üçün mühüm ziyarətgah olub. 2000-ci ildən etibarən UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib.  Keçən il Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan bərpa və abadlıq işləri sayəsində Müqəddəs Nikola Kilsəsi indi ziyarətçilərini yenilənmiş görkəmdə qarşılayır.

Kilsədə balıq pulcuqları və akantus yarpaqları ilə bəzədilmiş Roma dövrünə aid sarkofaq yerləşir. Bu sarkofaqın Müqəddəs Nikola ilə bağlı olduğu düşünülür. Nikolaya aid bəzi sümüklər isə Antalya Muzeyində nümayiş olunur.

Demre səfəri zamanı Aralıq dənizinin mülayim və günəşli qış havasından zövq alaraq Myra Antik Şəhərinin bir çox xəzinələrini də ziyarət edə bilərsiniz. Antik şəhərə çatanda qayalarda oyulmuş məzarları və qədim Roma teatrını görərək şəhərin tarixi zənginliyini hiss etmək mümkündür.

Myra antik şəhərindən yol tutaraq Andriake adlı qədim limanı ziyarət etmək mümkündür. Andriake hər küncündə sarkofaqlar, məzarlar və şəhər divarı qalıqları ilə özünəməxsus bir məkan olaraq tanınır. Andriake artefaktlarının çoxu Likya Sivilizasiyaları Muzeyində nümayiş etdirilir.