Fins.az - Kəlbəcər rayonunun turizm üzrə inkişaf strategiyası hazırlanıb. Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Dövlət Turizm Agentliyinin Regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, hazırda belə bir konsepsiya Xocavənd rayonu üzrə hazırlanır. Bu istiqamətdə işlərin cari ilin sonunadək tamamlanması nəzərdə tutulur.
"Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq, hər il bir rayonun konsepsiyası hazırlanacaq. 2026-cı ilədək əsas turistik rayonların hamısını əhatə etməyi düşünürük. Növbəti ildə Laçın rayonunun, daha sonra isə Zəngilanın inkişaf konsepsiyası hazırlanacaq. Hesabatlar və mütəxəssislərin verdiyi resurs analizi üzərindən növbəti onilliklər üzrə strategiyamızı müəyyənləşdiririk ki, həmin resursları gələcəkdə necə istifadə edə bilərik. Misal olaraq, Kəlbəcərdə hədəf ondan ibarətdir ki, 2040-cı ilədək bu rayonu həm sağlamlıq, həm də dağ turizmi istiqamətində regionda ən çox ziyarət olunan üç destinasiyadan biri edək. Bu hədəf çərçivəsində turizm zonalarını təklif etmişik və bununla bağlı yaxın zamanda qərarın veriləcəyini düşünürük",- E.Cavadov qeyd edib.