ANALİTİKA

07 İyul

Rəqəmsallaşmaya gedən konservativ hüquq

Yaxın gələcəyimizlə əlaqəli müxtəlif proqnozlar cəmiyyətdə fikir ayrılığına səbəb olsa da yalnız bir şeyə inam yaradır: heç bir fəaliyyət sahəsi texnologiya dövrünün sürətlə inkişaf edən təsirlərindən kənarda qalmayacaq. Müxtəlif tətbiqlər, ani müqavilələr, insanların fərqli xidmətlərə bir klik vasitəsilə əlçatanlığı proseslərin avtomatlaşdırılmasından xəbər verir. Texnologiyalar bütün sahələrdə öz sözünü deyir. Bəs hüquq? Bir çoxlarımız hüquq sahəsini konservativ sahə adlandıraraq onun avtomatlaşdırılmasını mümkünsüz hesab edə bilər. Lakin, təkamül prosesi hüquq sahəsindən də yan keçməyib. Qabaqcıl şirkətlər artıq bir çox hüquqi proseslərin avtomatlaşdırılmasına nail olublar. Hətta leksikona yeni terminlər də gəlib: legaltech (hüquqşünasın fəaliyyətini təşkil edən prosesləri sadələşdirmək və asanlaşdırmaq üçün xüsusi hazırlanmış platformalar və vasitələr) legal design (məlumatların strukturlaşdırılması və düzgün təqdim edilməsi bacarığına əsaslanır) və s.

Dünyada hökm sürən pandemiya şəraiti avtomatlaşdırma prosesinin daha sürətli inkişafına səbəb oldu. Bu, öz növbəsində, Açıq Səhmdar Cəmiyyətlərinə də öz təsirini göstərdi. Bildiyimiz kimi, Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyətində korporativ idarəetmə standartları tətbiq edilir və həmin standartlar qanunvericiliklə tənzimlənməyən məsələlərdə ən yaxşı təcrübənin istifadə olunmasına xidmət edir. Eyni zamanda, minoritar, yəni kiçik bir paya sahib olan səhmdarların hüquqları qanunvericiliklə tənzimlənir və həmin hüquqların təmin edilməsinə nəzarət edilir.

Səhmdar Cəmiyyətləri üçün mühüm qərarlar səhmdarların ümumi yığıncaqları tərəfindən qəbul edilir. İndiyə qədər həmin yığıncaqlar ənənəvi qaydada baş tuturdu. Səhmdarların ümumi yığıncağının çağırılması qaydaları Mülki Məcəllənin 107-1maddəsində öz əksini tapmışdır. Maddəyə əsasən, səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq).

Lakin ciddi karantin tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar səhmdarların sayı 10-dan çox olan səhmdar cəmiyyətlərində bu cür yığıncaqların keçirilməsi mümkünsüz oldu. Bu məsələni necə həll etmək olar? Əlbəttə ki, çıxış yolu axtarmalıyıq. Bu isə hamıya bəlli olan bir yoldur: iclasların "online" formatda keçirilməsini təmin edən elektron proqramlar.

Sözsüz ki, "offline" rejimdə baş tutan yığıncaqların da öz müsbət cəhətləti var. Bu ilk növbədə korporativ fəaliyyət mühitinin yaradılması, canlı ünsiyyət və belə tip yığıncaqların digər atributlarıdır. Digər tərəfdən, universal rəqəmsallaşma öz şərtlərini diktə edir, informasiya və kommunikasiya texnologiyalarının davamlı inkişafı və böyük imkanları isə onların bu sahədə tətbiqini zəruriləşdirir.

İclasların yuxarıda qeyd edilən proqramlar vasitəsilə keçirilməsi həmçinin bu sahədə inkişafa nail olmaq deməkdir. Belə ki, bir çox hallarda müxtəlif səbəblərdən səhmdarlar iclaslarda iştirak etmirdi. Səbəblərdən biri də iclasın keçirildiyi yerin uzaq olması, bəzi səhmdar cəmiyyətlərinin rayonlarda yerləşməsidir. Rəqəmsal formata keçid isə təşkil olunan iclaslara əlçatanlığı təmin edəcək. "Online" keçirilmiş iclasın videoyazısının saxlanılması səhmdar cəmiyyətlərində mənfi halların qarşısını almağa kömək edəcək.

Müasir texnologiyalar bütün səhmdarlara bərabər imkanlar yaradır. Səhmdar iclasda tam şəkildə bütün hüquqlarını həyata keçirə bilər: gündəliklə tanış olmaq, hesabatları dinləmək, materialları öyrənmək, şəxsi kabinetə daxil olaraq real vaxt rejimində səs vermək və s.

Bu cür yeni yanaşma səhmdarların ümumi yığıncağının konsepsiyasının dəyişməsinə əsas verir. Burada səsvermə mexanizmi daha şəffaf olacaq. Artıq poçt vasitəsilə göndərilən bildirişlər  elektron məktublar ilə əvəz olunur, bu isə şirkətlərin vəsaitlərinin qənaətinə gətirib çıxaracaqdır (ümumiyyətlə, virtual görüşlər şirkətlər üçün daha sərfəlidir). İclasın nəticələrinə əsasən hazırlanmış protokollar elektron imza ilə təsdiqlənəcək.

Bu gün bu cür yığıncaqların keçirilməsi şirkətlər tərəfindən bayağı şəkildə təşkil oluna bilər. Lakin Açıq Səhmdar Cəmiyyətlərində ümumi yığıncaqların (səhmdarların sayı 20-dən çox olduqda) "online" şəkildə keçirilməsi, bildirişlərin göndərilməsi, iclasın audio və video yazılarının saxlanılması prosedurlarının normativ aktlar ilə tənzimlənməsi bu sahədə olan bütün sui-istifadə hallarının qarşısını alacaq.

Virtual şəkildə keçirilən səhmdar yığıncağının bir nümunəsi ABŞ-da baş tutmuş Starbucks Corporation şirkətinin iclasıdır. ABŞ-da və bir sıra ölkələrdə tənzimləyicilər bu formatı dəstəkləyəcəklərini artıq elan etdilər, çünki mövcud hərəkət məhdudiyyətləri, bir məkana toplaşan insanların sayının məhdudlaşdırılması kontekstində "online" format canlı görüşlərə alternativdir. Yaxın gələcəkdə İngiltərədə illik korporativ iclasların keçirilməsinə dair yeni proseduru tənzimləyən qanunvericilik nəzərdən keçiriləcəkdir. Qonşu Rusiyada səhmdarların ümumi yığıncaqlarını tamamilə (yalnız pandemiya zamanı deyil, o, sona çatdıqdan sonra da) "online" formatda uzaqdan iştirak etməklə keçiriləcəyi, yeri müəyyən etmədən məsələlərin müzakirəsinə imkan yaradan qanun layihəsi müzakirə olunur.

Belə bir təşəbbüs rəqəmsallaşmanın ümumi qlobal vektorundadır, çünki getdikcə bir çox şirkətlər özləri üçün ümumi iclasların keçirilməsinə imkan verən müasir bir format seçirlər. Və bu mənada "online" formata keçidlə birlikdə biz də ən qabaqcıl təcrübələrin tətbiq olunacağını elan edə bilərik.

Yuxarıda qeyd olunanları nəzərə alaraq korporativ hüquqşünaslara nizamnamələrə iclasların "online" formatda keçirilmə qaydalarını əlavə etməyi tövsiyə etmək olar.

Eyni zamanda, nəzarət orqanının iclaslarda iştirakını təmin etmək mümkündür. Onların iştirakı iclasların düzgün aparılması üçün əlavə zəmanət yaradacaq, korporativ etikanın formalaşmasına və inkişafına kömək edəcəkdir.

Beləliklə, səhmdarların illik iclasları gözlənilən bir hadisəyə çevrilir, bu da öz növbəsində yeni inkişaf mərhələsi deməkdir.