ANALİTİKA

05 İyul

İqtisadiyyatın istiqaməti dəyişdi, nə etməli?

Fins.az “AzFinance İnvestisiya Şirkəti”-in Direktoru İntiqam Səfərəliyevin məqaləsini təqdim edir

Pandemiya və ressesiya dünya iqtisadiyyatını sağlamlaşdıraraq, şirkətləri axına qarşı üzməyə bir növ məcbur etdi. Zəifləri və admin üzərində qurulan biznesləri silkələdi. İndi yenidən iqtisadi artım və inflyasiya dövrü başlayır. Bu proses ərzində əsasən aktiv istifadə  olunmayan vəsaitləri inflyasiya aşındırıb azaldacaq. Əsas tələb şirkətin yönünü dəyişib axınla üzməyə başlamaqdır. Bəziləri  artıq bunu çox operativ edib axına qarşı üzdükləri sürətlə axınla üzməyə başlayıb. Bu sürətlə hara çırpılacaqlarını proqnoz etmək çətindir. Buna baxmayaraq uzunmüddətli məqsədlərə doğru gedən böyük şirkətlər çoxsaylı dalğalanmalarla qarşılaşdıqları üçün hazırlıqlı olmağı üstün tutur. Bəzən limanda günlərlə gözləyib gəmilərinin resurslarını tamamlayırlar. Gəmidə çox böyük yer tutan qayıqlar gəminin səyahəti dövrünün 98%-də lazım olmasa da, gəmilər onları ehtimalı 1-2% olan riskdən sığortalanmaq üçün daim daşıyırlar.
Şirkətlər üçün çətin və qeyri müəyyən bir dövr geridə qaldı. İstəyənlər bu prosesdə ciddi təcrübə qazandı. İndi sahilə yan alıb resursları gözdən keçirərək toplamaq, gediləcək yeri və yolu müəyyənləşdirib davam etmək lazımdır.

Bu mərhələdə şirkətlərin ən çox ehtiyac duyduğu resurs maliyyə vəsaiti və investisiyadır. Əsas şərtlərdən biri bu resursun artıqlaması ilə təmin edilməsidir. Ona görə də qısa ifadə etsək qeyri müəyyən bir dövrə daxil oluruq. Həm gözlənilən inflyasiya, iqtisadi artım və həm də hansı şirkətin necə vəziyyətdə olduğu demək olar ki, məlum deyil. Yəni axınla üzdüyümüz zaman çayın daşmasını, sel gəlməsini, anidən qarşımıza çıxacaq maneələri və döngələri proqnoz etmək çətindir. Gəmi də kiçikdir. Şirkətlərə investorlar cəlb edib, sahibliyi ağıllı adamlarla bölüşmək riskləri azaldacaq, şirkətin maliyyə vəsaiti olacaq və ehtiyac olanda maliyyəyə növbəti çıxışa zəmin yaradacaq. Maliyyə vəsaiti olanda problemləri vəsaitlə müvəqqəti həll etmək olur. Satışları artıraraq çox qazandığınız zaman da sizə yenə dövrüyyəyə uyğun investisiya lazım olacaq.
Bir sözlə gəminizə ciddi maliyyə mühəndisi də götürməlisiniz. Texnili mühəndisin təmirlə məşğul olması üçün maliyyə mühəndisi ən yaxşı maliyyələşmə mənbəyi tapmalıdır. Maliyyə mühəndisini səhmdar kimi cəlb etsəniz həm investisiyasını, həm vaxtını, həm də vəsaitini sizin şirkətə sərf edəcək. Biznesinizi bəlkə də yenidən dizayn edəcək.