ANALİTİKA

10 May

Heydər Əliyev uzaqgörənliyi

...Xalq mənim gücüm, inamım, arxamdır, ömrümün sonuna qədər xalqımıza, millətimizə, doğma vətənimiz Azərbaycana sədaqətlə xidmət edəcəyəm....

Heydər ƏLIYEV Ümummilli lider

 Şərəfli və keşməkeşli ömür yolu

Azərbaycan tarixinin bir dövrü ötən əsrin dünya miqyaslı nəhəng siyasətçisi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Fövqəlbəşər şəxsiyyət öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda həyatını fəda etmişdir. Azərbaycanı canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də elə məhz bundadır. Mustafa Kamal Atatürk demişdir: “Millət sevgisi qədər böyük mükafat ola bilməz.”. Ulu öndərin adı vətənpərvərlik rəmzinə, davranışları müdriklik etalonuna çevrilmiş, onun həyat və fəaliyyəti isə xalqa, vətənə məhəbbət və sədaqət meyarı olmuşdur. Bütün bunların nəticəsidir ki, Azərbaycanın taleyində müstəsna rolu olan, istiqlalımızın və istiqbalımızın müəllifi, ölkəmizi hərtərəfli inkişaf etdirməklə dünya dövlətləri sırasında özünəməxsus yer tutmasına müvəffəq olmuş böyük tarixi şəxsiyyətin – Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də ölkə hüdudlarından xeyli uzaqlarda təntənə ilə qeyd edilir, əbədiyaşar liderimizin xatirəsi yüksək ehtiramla yad olunur və parlaq şəxsiyyəti dərin məhəbbətlə xatırlanır.

Heydər Əliyev uşaqlıq illərindən fitri istedadı, bacarığı, təhsilə olan marağı, davranışı, yeniyetmə dövründən isə nəzəri bilikləri, səlis nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilir, həyata baxışı, milli-mənəvi dəyərlərə bağlılığı, vətənpərvərliyi və digər qeyri-adi müsbət cəhətləri ilə diqqət cəlb edirdi. İstiqanlılığı, mehribanlığı, səmimiliyi, dürüstlüyü və digər ali insani keyfiyyətləri böyükdən-kiçiyə hər kəsi ona hörmət bəsləməyə sövq edirdi. Gənc olmasına baxmayaraq, hərtərəfli püxtələşmiş dahi insan Heydər Əliyev 1944-cü ildə çoxlarının arzusunda olduğu, lakin hər insanın müvəffəq ola bilmədiyi, yalnız yüksək intellektli, əzmkar və bacarıqlı şəxslərin əldə edə biləcəyi uğuru qazanmaqla dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul edilməyə nail olur və dəyərli ömrünün demək olar ki, üçdə bir hissəsini həmin orqanda şərəflə qulluq keçir. Vurğulanmalıdır ki, ulu öndər mənəviyyat tariximizdə gələcək nəsillərə örnək ola biləcək məhəbbət dastanı da yaratmışdır. Belə ki, ailənin milli-mənəvi dəyərlər sistemində xüsusi əhəmiyyət kəsb etdiyini və dövlətdəki mühüm rolunu hər zaman qeyd edən, həmçinin onu cəmiyyətin özəyi, ülvi və müqəddəs hisslərin təcəssümü, xalqın mənəvi kamillik səviyyəsinin, milli genefondun saflığının qorunmasının əsas vasitələrindən biri kimi qiymətləndirən Heydər Əliyevə məhəbbəti uğrunda əzmlə mübarizə aparmaqla sevgisinə qovuşmaqda, qəlbinə yaxın bir insanla ailə həyatı qurmaqda, ən əsası əhdinə sadiq qalmaqda heç kim və heç nə mane ola bilməmişdir. Cəsarətli və qətiyyəli insan bu yolda çalışdığı Dövlət Təhlükəsizlik Orqanlarının rəhbərliyinin mövqeyinə qarşı çıxmaqdan, buna görə hətta tutduğu vəzifəni itirməklə gələcək karyerasını təhlükəyə atmaqdan belə çəkinməmiş, öz haqlı inadından dönməyərək Zərifə xanım ilə müqəddəs ittifaq bağlamaqla nikaha girmişdir. Söz düşmüşkən, akademik Zərifə xanım Əliyevanın həyat fəlsəfəsini, zəngin mənəvi dünyasını, oftalmologiya elminin inkişafındakı misilsiz xidmətlərini xüsusi vurğulamaq zəruridir. Ulu öndər demişdir ki, “.... Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, uğurlar əldə etməyimdə hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib...”.

Azərbaycançılıq məfkurəsinin formalaşması müstəqilliyimizi şərtləndirdi

Tarix göstərir ki, hər bir xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli ideologiya böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında reallaşır. Azərbaycan xalqı ilə bağlı bu şərəfli missiyanı məhz ümummilli lider Heydər Əliyev həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev həyatının bütün dövrlərində, xüsusilə geniş səlahiyyətlər sahibi olduğu vaxtlarda tarixi ənənə və soykökünün təməl prinsipləri üzərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməyə nail olmuşdur. Bu isə millətin həmrəyliyində və mənəvi bütövlüyündə, monolitliyində, bir xalq kimi formalaşması prosesində aparıcı amil olmaqla yanaşı, həm də müdrik rəhbərin xalqı öz ətrafında birləşdirməsində, bununla da, milli birliyin yaranmasında olduqca mühüm əhəmiyyət kəsb etmişdir.

Sirr deyil ki, XX əsrin 20-30-cu illərində qeyri millətlərin anti-Azərbaycan qüvvələrinin və ermənilərin kök saldığı, xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının millətimizin düşmənlərindən təmizlənməsi və milliləşdirilməsi kimi son dərəcə çətin prosesə ilk dəfə hələ sovet rejiminin ən qüdrətli vaxtlarında milli kökə və yaddaşa bağlı olan ümummilli lider Heydər Əliyev başlamışdır. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksələn Heydər Əliyev 50-ci ildən başladığı azərbaycanlılaşdırma prosesini yeni səlahiyyətləri çərçivəsində daha da inkişaf etdirmiş və məhz onun sayəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artmışdır. Beləliklə, Heydər Əliyev milli əhval-ruhiyyəli vətənpərvər ziyalı kadrları Dövlət Təhlükəsizlik Komitəsinə qulluğa qəbul etdirməklə, həm onları layiq olduqları işlə təmin edir, həm orqanı milliləşdirir, həm də əsassız təqiblərə və repressiyalara məruz qalmış xalqımızın qeyrətli övladlarını onlara qarşı gözlənilən təhdidlərdən qorumaqla növbəti təhlükələrin qarşısını alırdı. Bununla da, gələcək müstəqil Azərbaycanın milli kadr potensialını formalaşdırırdı. Göründüyü kimi, Heydər Əliyevin DTX-da rəhbər vəzifələrdə çalışdığı müddətdə milli şüurun oyanması istiqamətində əməli addımlar atılmaqla milliləşmə prosesinin əsası qoyulmuşdur.

Azərbaycan dilini azərbaycançılığın başlanğıc məqamı, ən mühüm cəhəti, təməl prinsipi hesab edən ümummilli lider Heydər Əliyev kosmopolit ideyaların hökm sürdüyü bir dövrdə milli məfkurənin qorunub saxlanılması istiqamətindəki fəaliyyətində ana dilinin inkişaf etdirilməsi sahəsində də bir sıra mühüm işlər görmüşdür. Müdrik lider yəqin bilirdi ki, xalqa millimənəvi dəyərləri aşılamaq üçün ona, ilk növbədə, öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rus dilinin dövlət dili olmasına rəğmən, rəsmi çıxışlarının əksəriyyətində Azərbaycan dilində nitq söyləyən ulu öndər, bütün rəhbər vəzifəlilərdən də bunu tələb edirdi. Onun rəsmi partiya tədbirlərində ana dilində nitqləri həmin vaxtadək heç vaxt işlənməmiş milli siyasi ədəbi dil üslubunu yaratmaqla bərabər, böyük tarixi məna kəsb edirdi. Fədakar insanın ilk dəfə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi, demək olar ki, bu nitqlərin təsiri ilə başlamışdır. Dahi liderin yazıçılar, şairlər və sənət adamları ilə görüşəndə də yeni bir elmi-ədəbi üslubda danışması, onun zəngin ana dilinin bütün söz imkanlarına, çalarlarına zərgər dəqiqiliyi ilə bələd olduğunun göstəricisi idi. Ümummilli liderin gözəl nitqi ədibləri, şairləri, hətta ədəbiyyatçı alimləri belə heyran qoyurdu. O dövrdə yaşayan şairlərdən biri Heydər Əliyevə xitabən “Yoldaş Əliyev, Siz Azərbaycan dilində çox gözəl danışırsınız” deyəndə, müdrik rəhbər ona belə cavab vermişdi: “Sən niyə mənim rus dilində səlis danışmağıma deyil, Azərbaycan dilində gözəl danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, bu dili bilmək mənim, eləcə də hər bir azərbaycanlının müqəddəs borcudur!”. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, müxtəlif ciddi maneələrə baxmayaraq, Azərbaycan dilinin bu ali hüquqi aktda dövlət dili kimi təsbit olunması da cəsarətli liderin qətiyyətli mübarizəsinin nəticəsi idi. Bundan sonra, hüquqi əsas yarandığı üçün ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, televiziya, mətbuat, radio, kino, teatr sahəsində milli dilin tətbiqini genişləndirmək daha asan oldu. Təbliğat üçün xüsusi önəm kəsb edən bu sahələrdə də milliləşmə prosesi başladı. Məhz ümummilli liderin təşəbbüsü və onun himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini və s. əks etdirən mövzularda filmlər çəkilməyə başlanıldı. Təsadüfi deyildir ki, “Nəsimi”, “Babək”, “Dəli Kür” və digər bu kimi filmlər gənclərin milli ruhda tərbiyəsində, sonralar onların kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük siyasi rol oynadı.

Azərbaycanı qüdrətləndirən Heydər Əliyev və xalq bağlılığı

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın rifahından xəbər verən Yeni Azərbaycan Partiyası yaradılır. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyası düzgün fəaliyyəti, bilavasitə milli maraqlara və xalqa xidməti ilə qısa zamanda iqtidar partiyasına çevrilir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, hazırda bu partiya nəinki Azərbaycanda, həmçinin Cənubi Qafqazda ən böyük siyasi partiyadır.

SSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı. Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə “qardaş qanı” axıdılır və vəziyyət ADR-in acı taleyinin təkrarlanması, ikinci dəfə qazanılan müstəqilliyin də itirilməsi təhlükəsi həddinə çatır. Belə bir olduqca çətin şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən və nicatın onda olmasına əmin olan xalq, doğru seçim edərək özünün sınanmış rəhbərini – ümummilli lider Heydər Əliyevi israrlı tələblə müstəqil Azərbaycanın rəhbərliyinə dəvət edir. Azərbaycanı və xalqını özündən çox sevən ulu öndər bütün təhlükələri gözaltına almaqla, heç birinə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bir müddət sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan dünya şöhrətli siyasətçi Heydər Əliyev, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilir. Sağlam təfəkkürlü hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə, onun mövcudluğu şübhə altına düşə bilərdi. Dahi lider ölkəni böhran vəziyyətindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etmək üçün müdrik siyasəti ilə qısa müddət ərzində vətəndaş qarşıdurmasının və müharibənin dayandırılmasına nail olmaqla, Azərbaycanda sabitliyin bərpasını təmin edir ki, bu da böyük islahatların başlanmasına rəvac verir. Beləliklə də, ölkəsini olduqca ağır vəziyyətdən yüksək məharətlə çıxarmış ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar həyata keçirilməyə başlanılır. İslahatlar aparılarkən kortəbii ehkamçılığa və tələskənliyə qarşı çıxan müdrik rəhbər vurğulayırdı ki, “bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına uyğun olaraq təşkil olunmaqla yerli şərait, milli xüsusiyyətlər, ənənələr və xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla həyata keçirilməlidir”. Sadalananlar nəzərə alınmaqla iqtisadi islahatların yüksək peşəkarlıqla aparılması sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi. Dünya təcrübəsi də təsdiq edir ki, islahatların uğurlu nəticəsi düşünülmüş, əsaslandırılmış strategiya və taktikadan başqa, bir çox sosial-siyasi və ideoloji amillərdən də asılıdır. Heydər Əliyev müstəqil şəraitdə, heç kimə ümid bəsləmədən iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, təkcə siyasi-mənəvi deyil, həm də maddi nəticələr əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt hesab edirdi. Məlum olduğu kimi, ulu öndərin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulmuş, atəşkəs rejimini təzəcə əldə etmiş ölkə olduğundan, həmin dövrdə investorları Azərbaycana sərmayə qoymaq üçün həvəsləndirmək, onların etimadını qazanmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” kimi möhtəşəm bir müqavilənin bağlanılmasına müvəffəq oldu.

Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidmətləri idi. Azərbaycan iqtisadiyyatının son inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev məntiqindəki “müstəqillik– iqtisadiyyat” dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə həmişə aktualdır. Dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış edir. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı. Bu sahədə aparılan islahatlarda müdrik liderin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edirdi. Görülən səmərəli işlər, o cümlədən qeyd olunan fərman hüquq-mühafizə orqanlarını cinayətkar təzahürlərə, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər etməklə, “cəzanın labüdlüyü” prinsipinin reallaşması istiqamətində ən ciddi tədbirlər görülməsini təmin etdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi və bu işə hərtərəfli dəstək verməsi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında “Heydər Əliyev Konstitusiyası” adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Müdrik liderin təşəbbüsü və şəxsi nəzarəti ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm hüquqi aktlar qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirildi. Görülən böyük işlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Əmək və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə görülən işlərin səmərəliliyini daha da artırdı. Fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə malik Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də, onun siyasətinin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması idi. Hər kəsə bəllidir ki, 1993-cü ilin iyun ayından ölkəmizdə icrasına moratorium qoyulmuş ölüm cəzası sonradan məhdudlaşdırıldı, daha sonra isə,10 fevral 1998-ci il tarixdə bu cəza növü Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edildi. Geniş ürəyə və zəngin mənəviyyata malik olan Heydər Əliyev təqsirkarları qanunvericiliyə uyğun olaraq cəzalandırmağın tərəfdarı olsa da, onun xeyirxahlığı, insanpərvərliyi bəzi hallarda cəzalandırılmış insanları bağışlamağa da sövq edirdi. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası bunun əyani göstəricisi idi. 

İntibah dövrünü yaşayan Azərbaycan 

Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran ən əsas vəzifələrdən biri də işğaldan azad olunmuş torpaqlarımızda düşmən vəhşiliyi nəticəsində dağıdılmış yaşayış məntəqələrimizin, təhsil ocaqlarımızın, erməni vandalizminə məruz qalmış mədəni və dini abidələrimizin bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Bu məsələ siyasətində quruculuq, abadlıq prioritet istiqamət olan və Azərbaycanın hər bir guşəsini cənnətə çevirmiş cənab Prezidentin şəxsi nəzarətindədir. Hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri yüksək sürətlə uğurla davam etdirilir. Belə ki, elektrik enerjisi, su və təbii qaz təminatı kimi təxirəsalınmaz kommunal təchizatı, həmçinin yol nəqliyyat və digər sosial infrastruktur yenidən qurulur, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və ulu öndərin xeyirxah ideyalarını layiqincə davam etdirən Heydər Əliyev Fondu tərəfindən dini abidələrimizin, o cümlədən məscidlərimizin bərpası üzrə layihələr icra olunur. Dövlət başçısının təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur ki, bu da pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə respublikamızın güc və qüdrətini sübut edən növbəti bariz nümunədir. Hər kəsə məlumdur ki, ölkə rəhbəri artıq bir neçə dəfə ailəsi ilə birlikdə işğaldan azad olunmuş ərazilərimizə səfər edərək, quruculuq və abadlıq işləri ilə şəxsən tanış olmuş, bu prosesə öz dəyərli tövsiyələrini vermiş və bir neçə nəhəng layihənin təməlini qoymuşdur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitseprezident Mehriban xanım Əliyevanın tarixi torpaqlarımızda sevinc və qürur dolu davranışları, səmimi paylaşımları hər birimizdə sözlə ifadə oluna bilməyən iftixar hissləri yaratmaqla, xalqımız tərəfindən böyük maraq və fərəhlə qarşılanır. Bütün bunlar dövlət başçısının və birinci xanımın vətənə, yurda, torpağa və xalqa bağlılığının təcəssümüdür.

Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: “...Bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal olunmuş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır...”. Qeyd olunanlar bir daha vətənpərvər liderimizin doğma Azərbaycanın hər qarışına, eləcə də hər bir vətəndaşının rifah halının yüksəldilməsinə verdiyi önəmin və fəaliyyətinin əsas prinsipi olan “mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” ifadəsinin reallığının təzahürüdür.

Göründüyü kimi, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” – deyən ulu öndər Heydər Əliyev təkcə öz həyatını dövlətinə və millətinə fəda etməklə kifayətlənməmiş, həm də Azərbaycan üçün atasıtək ömrünü Vətəninə və xalqına həsr edən cənab İlham Əliyev kimi nəhəng tarixi şəxsiyyət bəxş etmiş, əsl lider hazırlamışdır.

Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, qədirbilən Azərbaycan xalqı Vətəni və milləti qarşısındakı bənzərsiz xidmətləri ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış nəhəng tarixi şəxsiyyət Heydər Əliyevi hər zaman yüksək ehtiramla xatırlayacaq, onun əziz və unudulmaz xatirəsini daim xüsusi hörmətlə yad edəcəkdir.