Bakı, 10 yanvar Fins.az
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar 2020-ci ildə koronavirus pandemiyasının iqtisadi təsirlərinin minimumlaşdırılmasına imkan verdi. Buna görə də respublikamızda COVID-19 infeksiyası səbəbindən müşahidə edilən iqtisadi azalma tempi digər qonşu ölkələr, o cümlədən, dünya üzrə qlobal orta göstərici ilə müqayisədə daha məqbul hesab olunur. Belə bir vəziyyət isə 2021-ci il və növbəti illərdə iqtisadi artım üçün mühüm baza yaradır.
Azərbaycan 2020-ci ildə pandemiya problemlərinə baxmayaraq, qeyri-leqal iqtisadiyyatın leqallaşdırılması, iri müəssisələrin idarəetməsinin təkmilləşdirilməsi, o cümlədən, struktur islahatları istiqamətində zəruri tədbirləri həyata keçirməsi qarşıdakı dövrdə iqtisadi göstəricilərin daha da yaxşılaşmasına önəmli təsir göstərəcək. Məhz elə buna görə də 2021-ci ildə istər Azərbaycan höküməti, istərsə də beynəlxalq maliyyə qurumları tərəfindən ölkədə iqtisadi artım olacağı proqnozlaşdırılır.
Xatırladım ki, Dünya Bankı 1,9 faiz, bir sıra digər beynəxalq qurumlar təxminən 2 faiz, Azərbaycan höküməti isə bu il 3 faizlik iqtisadi arıtmın müşahidə ediləcəyini bildirirlər. 2022-ci il üçün isə iqtisadi artım proqnozu daha yüksəkdir. Belə ki, beynəlxalq maliyyə qurumları həmin dövrdə Azərbaycan iqtisadiyyatının 5 faizə yaxın arta biləcəyini güman edirlər. Bu da təbii ki, region üçün ən ciddi və ən böyük proqnoz kimi xarakterizə olunur. Hazırda da Azərbaycan koronavirus pandemiyasının təsiri ilə azalan iqtisafiyyatını yenidən iqtisadi artımla əvəz etmək istiqamətində səmərəli tədbirlər gerçəkləşdirir.
Bütün bunlara əsasən əminliklə demək olar ki, 2021-ci il Azərbaycan üçün iqtisadi artım ili kimi yadda qalacaq. Xüsusən qeyri-neft sektorunda yeni proqramlar və layihələr reallaşacaq. Cari ildə qeyri-neft sektorunda, həm ümumi daxili məhsulda, həm də sənayedə artım qeydə alınacağı gözlənilir. Praktik olaraq 2021-ci il və növbəti illərdə Azərbaycan iqtisadiyyatının inkişafında qeyri-neft sektoru əsas lokomotivlərdən biri kimi çıxış edəcək. Bu da təbii ki iqtisadiyyatın şaxələndirilməsi baxımından vacibdir.
Azərbaycan 2021-ci ildə yenidən dayanıqlı və inklüziv iqtisadi artım mərhələsinə qədəm qoyur. Bu da qarşıdakı uzun müddətli dövr üçün həm məşğulluq, həm qeyri-neft sektorunun inkişafı, həm də ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımından nikbin proqnozlar verməyə imkan yaradır.
Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdim. Bu ilin dövlət büdcəsində prioritet məsələlərdən biri işğaldan azad olunan ərazilərimizin bərpası, eyni zamanda, şəhid ailələri, müharibə qaziləri və ailələrinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlıdır. Şübhəsiz ki, bu da ölkənin sosialiqtisadi şəraitinin yaxşılaşmasına öz müsbət təsirini göstərəcək. Eyni zamanda, bu cür mühit 2021-ci ilin dövlət büdcəsində həm büdcə xərclərinin, həm də büdcə gəlirlərinin əvvəlki illə müqayisədə artmasını şərtləndirir.
Xatırladım ki, cari ildə büdcə gəlirləri 24 milyard manat, icmal büdcənin xərcləri isə 31 milyard manatdan çox olacaq. Nəticə etibarı ilə bu istiqamətdə daha çox vəsaitin ayrılması mümkün olacaq. Bu baxımdan həm büdcə gəlirlərinin proqnozlaşdırılmasında, həm büdcə xərclərinin qruplaşdırılmasında mövcud çağırışlar nəzərə alınıb. Büdcə xərcləri qruplaşdırılan zaman müharibə nəticələrinin aradan qaldırılması və işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda, COVID-19 pandemiyası ilə mübarizə tədbirləri və təbii ki, sosial təminatın gücləndirilməsi ilə bağlı ayırmalar əsas prioritetlər kimi diqqətdə saxlanılıb. Burada sosial təminat, səhiyyə, təhsil, müdafiə və təhlükəsizlik, dövlət quruculuğunda xidmətlə bağlı xərcləri də qeyd etmək lazımdır.
Cari ilin dövlət büdcəsi qələbə büdcəsidir, eyni zamanda, sosial təminatın daha da yaxşılaşdırılmasına xidmət edəcək büdcədir. Bu konteksdə büdcə gəlir və xərclərinin artması artıq 2021-ci ildə Azərbaycanda bərpa və yenidənqurma işlərinin daha da sürətlənməsinə imkan verəcək. Bu baxımdan, büdcə hər bir vətəndaşımızın sosial təminatının gücləndirilməsinə mühüm töhfə verməklə yanaşı, işğaldan azad olunan ərazilərimizə həyatın qaytarılmasına xüsusi maliyyə dəstəyini reallaşdıracaq. Nəticə etibarı ilə biz gələn ildən etibarən işğaldan azad olunan rayonlarımızın bərpa və yenidən qurulmasını, maliyyələşməsini müşahidə edə biləcəyik.
Vüqar BAYRAMOV, Milli Məclisin deputatı