Məqalənin adında da göründüyü kimi, Azərbaycanda investisiya fondu yoxdur. İnvestisiya fondu və kapital bazarı terminlərını işlədərkən hətta maliyyə sektorunun mütəxəssisləri həlli olmayan bir məsələ kimi bunu qiymətləndirirlər.
Qeyd edək ki, investisiya fondlarının olmamasına baxmayaraq, 2010-cu ildə “İnvestisiya fondları haqqında” Qanun qəbul edilmişdir. Baxmayaraq ki, sözügedən Qanuna əsasən münasibət yaranmayıb, Qanun öz həyatını “de jure” yaşayır. Hətta qeyd edim ki, bu Qanunun “həyatı” müddətində ona 100-dən çox əlavə və dəyişiklik edilmişdir.
Bir ölkənin iqtisadiyyatını dayanıqlı və inkişaf edən etmək üçün əlbəttə ki, həmin dövlətdə dayanıqlı maliyyə bazarları mövcud olmalıdır. Maliyyə bazarlarının tərkib hissəsinə pul bazarı ilə yanaşı kapital bazarı da daxildir. Əfsuslar olsun ki, kapital bazarı Azərbaycanda 30 ildir ki, inkişafetmə mərhələsindədir. Hal-hazırda Bakı Fond Birjasında qiymətli kağızların əsas dövriyyəsini dövlət qiymətli kağızları təşkil edir.
Qeyd edim ki, qiymətli kağızlar bazarının ən əsas və önəmli məqsəd və funksiyalarından biri maliyyələşmə imkanının yaradılmasıdır. Fərdi investorlar bu sahəyə vəsait yatırarkən onların həmin qiymətli kağızları buraxmış hüquqi şəxslərə olan etibarı sualı yaranır. Əlbəttə ki, onlar öz vəsaitlərini bir başa maliyyə institutu olan Banka yatırmağı üstün görürlər. Sanki, qiymətli kağızlar bazarında siz bir başa maliyyəyə ehtiyacı olan ilə görüşürsünüz, bankda isə bank ilə müqavilə bağlayırsınız. Daha sonra bankın sizin vəsaitinizi kredit şəkilində kimə verəcəyi sizi o qədər də narahat etmir. Bu o deməkdir ki, Bank ilə münasibətin qurulması sizə əlavə güvən verir.
İnvestisiya fondları da bu cür funksiyanı sizə təklif edə bilər. Lakin, Bankdan fərqli olaraq o, sizin vəsaiti YALNIZ kredit vermək ilə yox, daha da diversifikasiya olunmuş şəkildə investisiya edəcəkdir. Siz investisiya etmək istədiyiniz məbləği investisiya fonduna təqdim edirsiniz, investisiya fondu bunun müqabilində sizə müvafiq olaraq investisiya fond payı və ya səhm təqdim edir. Bununlada sizin investisiya tarixçəniz yaranır. İnvestisiya fondlarının əsas üstünlükləri ondan ibarətdir ki, əldə edilmiş vəsaiti professional idarəçi və analitiklər idarə edir və sizə ən yaxşı perfomans göstərmək üçün çalışır. Eyni zamanda bazarın əsas problemi olan real sektorun maliyyələşməsi problemi də öz həllini tapır. İnvestisiya fondlarının əlavə bonusu ondan ibarətdir ki, fondların fəaliyyətinin hər bir sahəsi Qanun və normativ hüquqi aktlar ilə tənzimlənir. Bura fondların investisya portfelinin təznimlənməsindən tutmuş investorların hüquqlarının qorunmasına qədər mexanizmlər daxildir.
Həmçinin, investisiya fondları Azərbaycan Respublikasının Mərkəzi Bankının nəzarət subyektləridir. Fond fəaliyyəti çərçivəsində AR Mərkəzi Bankına bütün fəaliyyət istiqamətləri üzrə günlük, aylıq, rüblük və illik hesabatlar təqdim edir. Bu da öz növbəsində investisiya fondlarının fəaliyyətini investorların hüquqlarının qorunması prizmasından dayanaqlı edir.
İnvestisiya fondu yaratmaq istəyənlərin nəzərinə çatdırmaq istərdim ki, Azərbaycan qanunvericiliyinə əsasən fondlar açıq səhmdar cəmiyyəti formasında və paylı investisiya fondu formasında yarana bilər.
Hər ikisinin məqsədi investisiyaların idarəedlməsidir. Belə ki, Səhmdar Cəmiyyət formasında yaradılan investisiya fondu o deməkdir ki, siz hüquqi şəxs yaradırsınız, təşkilati-hüquqi forma olaraq açıq səhmdar cəmiyyəti formasını seçirsiniz və fəaliyyətiniz yalnız səhmlərin satışından əldə edilən vəsaiti qiymətli kapital və pul bazarının əməliyyatlarından istifadə etməklə öz xalis aktivlərinizi artırmaqdan ibarətdir.
Paylı investisiya fondu yaratdığınız zaman fondun idarəçisi payların satışını həyata keçirir və payçı olan investora investisiya bəyannaməsinə uyğun olaraq gəlir vəd edir. Qeyd edim ki, paylı investisiya fondu üç növdə yaradıla bilər.
- açıq paylı investisiya fondu – paylarının satışını və geri satınalınmasını həftədə bir dəfədən az olmamaq şərti ilə həyata keçirən və aktivləri yalnız pul vəsaitləri və qiymətli kağızlardan ibarət olan paylı investisiya fondudur- yəni siz 100 manata bir pay ala bilərsiniz və həmin payı satmaq istədiyiniz anda onu sata bilərsiniz. Açıq İnvestisiya fondu həmin payın alışını ən azı həftədə bir dəfə sizin üçün təşkil edəcəkdir.
- interval paylı investisiya fondu – paylarının satışını və geri satınalınmasını ildə bir dəfədən az olmamaq şərti ilə həyata keçirən və aktivləri yalnız pul vəsaitləri və qiymətli kağızlardan ibarət olan paylı investisiya fondudur- yəni siz 100 manata bir pay ala bilərsiniz və həmin payı satmaq istədiyiniz anda onu sata bilərsiniz. İnterval paylı İnvestisiya fondu həmin payın alışını ən azı ildə bir dəfə sizin üçün təşkil edəcəkdir.
- qapalı paylı investisiya fondu – paylarının satışını və geri satın alınmasını fondun fəaliyyət müddətinin sonunda həyata keçirən və aktivləri yalnız pul vəsaitləri, qiymətli kağızlar və daşınmaz əmlakdan ibarət olan paylı investisiya fondudur- yani siz 100 manata bir pay ala bilərsiniz və həmin payı fondun fəaliyyət müddətinin sonunda sata bilərsiniz. Bu növün əsas üstünlüyü investisiyaları daşınmaz əmlaka yatırmaqdır.
Başqa sözlərlə desək, investisiya fondları kollektiv pul vəsaitlərinin idarəedilməsidir. İnvestisiya fondlarının əsas funksiyalarına əhalinin sərbəst pul vəsaitlərinin akkumulyasiyası, pul vəsaitlərinin effektiv idarə edilməsi, risklərin diversifikasiyası daxildir.
Heç kəs üçün sirr deyil ki, hal-hazırda banklar real sektorun kreditləşmə problemini həll etmək iqtidarında deyirlər, buna səbəb bankların bu sahədə yeganə maliyyə institutu olmasıdır.
Pərvanə Qasımova.
AzFinance İnvestisiya Şirkətinin direktor müavini