ANALİTİKA

25 Dekabr

Koronavirusun yeni mutasiyası cəmiyyətdə ciddi narahatlıq yaradıb

Bakı 25 dekabr Fins.az

Ölkəmizdə yeni növ koronavirus pandemiyasının qeydə alındığı ilk gündən etibarən bir sıra dövlət qurumları bu mübarizəyə qoşulub və vaxtında zəruri qabaqlayıcı tədbirlər həyata keçirib. Koronavirus pandemiyası ilə bağlı əhalinin sağlamlığının qorunması üçün səhiyyə sahəsində resurslar səfərbər edilib. Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlərin həyata keçirilməsinə, sanitar-dezinfeksiya işlərinin aparılmasına başlanılıb. Azərbaycana gələn və ölkəni tərk edən sərnişinlər ciddi yoxlanılır, ölkə ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilir. Bununla yanaşı, tibb müəssisələrinin zəruri dərman və dezinfeksiyaedici preparatlarla lazımi səviyyədə təchizatının təmin edilməsi, sanitariya-gigiyena və əks– epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi üzrə tədbirlər icra olunub. Əhalinin maarifləndirilməsi məqsədilə genişmiqyaslı kampaniya aparılmaqdadır, mütəmadi olaraq hazırlanmış maarifləndirici materiallar və sosial çarxlar paylanılır və yayımlanır, sosial media platformalarında paylaşılır.

Bütün görülən tədbirlərə baxmayaraq, hələ də virus yerə-göyə meydan oxuyur. Tövsiyələr, qadağalar, tələblər də istənilən nəticəni vermir. Bu vəziyyət bütün dünyada hökm sürür. Mütəxəssislər hər araşdırmadan sonra yeni qorunma vasitələrindən söz açır, müalicə üsulları tövsiyə edirlər. Lakin yaxşılığa doğru dəyişən bir nəticə əldə edilmir. Bugünlərdə tailandlı alimlər belə bir iddia ilə çıxış ediblər ki, virusla mübarizə məqsədilə boğazı yaxalamaq üçün adi sudan, həmçinin fizioloji məhlul və ya süfrə duzları olan qatqıdan istifadə etmək tövsiyə olunur. Alimlər xəstəliyin ilk günlərində virusun məhz boğazda daha çox aktiv olduğunu, ən yüksək konsentrasiyanın burada toplandığını vurğulayırlar. İnfeksionistlər qarqara etməyin maska və əlcək taxmaq qədər təsirli və zəruri olduğunu vurğulayıblar.

Qeyd edək ki, mütəxəssislər indiki halda dünyanı çənginə alan pandemiya panikasının həddini I və II dünya müharibəsi dövründəki stress dərəcəsi ilə eyniləşdirirlər. Onlar bildirirlər ki, buna səbəb neqativ xəbərlər, hər an ümidsizlik yaradan informasiya bolluğu, insanların xoş olmayan məlumatları bir– birinə tez ötürməsi üçün əllərində hər cür texniki imkanın olmasıdır.

Stress, təşviş indiki məqamda həddən artıq təhlükəlidir. Çünki təşviş və stress immuniteti bir az da azaldaraq, insanı virus qarşısında tamam müdafiəsiz qoyur.

Etiraf etməliyik ki, səhər gözünü açandan gecə yatana kimi koronavirus barədə danışmaq, düşünmək, özünün və ailəsinin sabahkı durumu üçün hədsiz narahatlıq keçirmək, karantin rejimini dünyanın sonu hesab edib, dözməyəcəyini elan edənlər, əslində, koronavirus üçün aciz və əlçatan qurbana çevrilirlər.

Nevropatoloqların fikrincə, panika və qorxu koronavirusdan öncə insanda olan xəstəlikləri də aktivləşdirir. Bura ürək-damar, xroniki xəstəliklər, şəkər, nevroz, depressiya, panikatak, müxtəlif allergik reaksiyalar, damar spazmları, baş ağrıları və s aiddir. Əsasında qorxu dayanan xəstəliklər – təşviş, həyəcan, bəzi nevroloji xəstəliklər, davranış pozuntularıdır.

Psixoloqlar indi heç vaxt olmadığınız qədər emosional stabilliyi qoruyub, hər gün pozitiv, müsbət, xoş informasiya ilə “qidalanmağı” məsləhət görürlər. Deyirlər ki, neqativ xəbərləri az oxuyun, günün müəyyən saatlarında koronavirusa vaxt ayırın, qalan saatlarda tamam başqa mövzularda informasiya axtarışında olun.

Əgər pandemiya dövründə 1 həftə ərzində davamlı olaraq güclü stress, panika, həyəcan, əhvalın düşməsi, yuxu pozulması, çarəsizlik hiss edirsinizsə, koronavirus sizi yaxalamadan nevropatoloq və psixiatra müraciət edin. Qeyd edək ki, 3 gün stress, gərginlik, qorxu və bundan qaynaqlanan əsəb partlaması insanın immun sistemini 21 gün “söndürür”. Ona görə də immuniteti zəifləyən insanlar daha asanlıqla viruslara yoluxurlar.

Virusa yoluxmamaq üçün isə həm də qayda və tələblərə əməl etmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əl yumağı koronavirusun yayılmasının qarşısını alan ən təsirli vasitə kimi tanıyır. “Journal of Environmental Health” jurnalında dərc edilən məqalədə göstərilib ki, amerikalı elm adamları ictimai tualetlərdə insanların gigiyenik qaydaları necə həyata keçirdiklərini izləyiblər. Nəticədə, 3749 nəfər qeydə alınıb. Müvafiq məkana gələn hər üç nəfərdən biri əlini yuyarkən sabun istifadəsini zəruri saymayıb, 10 nəfərdən biri isə ümumiyyətlə, başını qürurla qaldıraraq çanağın yanından keçib. Qadınlar kişilərə nisbətən daha səliqəli davranıblar. Tualetdən istifadə edən qadınların 77,9 faizi sabundan istifadə edib, kişilərin isə yalnız 50,3 faizi. Ümumilikdə, ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən aparılan onlarca araşdırma ilə də bu nəticəyə gəliblər ki, əllərin hərtərəfli yuyulması hətta ən təhlükəli xəstəliklərin yayılmasının qarşısını ala bilər. Və bu yalnız respirator koronavirusu deyil, həm də sətəlcəm və kəskin ishal ilə müşayiət olunan xəstəliklərdir. Odur ki, yalnız əlləri yumaqla gündə minlərlə insanın həyatını xilas edə bilərsiniz. Amma əllərin yuyulmasının da öz xüsusi qaydası var:

1. Ən azı, 20 saniyə əllərinizi yuyun. Unutmayın ki, əllərinizi yuyarkən saniyələr sürətlə getmir, odur ki, ölçülmüş sürətlə hesablamalısınız. Və beləliklə, minimum iyirmiyə qədər sayın.

2. Yalnız ovcunuzu deyil, həm də hər iki əlinizin arxa hissəsini də yuduğunuza əmin olun.

3. Tualetdən istifadə etdikdən, burnunuzu sildikdən, hər öskürdükdən və ya asqırıqdan sonra əllərinizi mütləq yuyun.

4. Yeməkdən əvvəl, yemək zamanı və sonra əllərinizi yuyun.

5. Xəstə insanlarla danışdıqdan dərhal sonra əllərinizi yuyun. Məsələn, qrip virusu hər hansı səthdə 5–10 saniyə yaşaya bilir. Bu müddət ərzində əllərinizi yumamısınızsa, virusun daşıyıcısısınız və onu başqalarına da yoluxdura bilərsiniz.

Yadda saxlayın ki, antiseptik məhlullar əlləri yumaq qədər təsirli deyil. Onların effektiv olması üçün tərkibi ən azından 60 faizli spirt olmalıdır. Odur ki, ÜST əl yuma məsələsini mütləq prioritet sayır.

Eləcə də kişilərdə saqqal, bığ istənilən formada, seyrək də olsa, virusun ağız suyu, burun suyundan tüklərin arasında ilişib qalmasına səbəb olur. Məsləhətdir ki, pandemiya dövründə üz təmiz olsun və tez-tez ülgüclə təmizlənsin. Və yaxud bu mümkün deyilsə, hər gün 2–3 dəfə saqqal sabunla dərindən yuyulsun.

Klod Bernarın yaxşı bir sözü var: "Mikrob heç nədir, mühit hər şeydir." İndi də əsrin bəlası koronavirusun tüğyan etməsi üçün əlverişli mühit yaranıb. COVID – 19-a qarşı aparılan mübarizə tədbirlərinin effektsizliyi bir daha Bernarın haqlı olduğunu göstərir. Mütəxəssislər açıqlamalarında bildirirlər ki, əgər bu gun qoruyucu kombinzonda da, reanimasiyada da yoluxma olursa, bu onu göstərir ki, mübarizənin səmti dəyişməlidir. Birinci növbədə, insan orqanizminin özünün müdafiə qüvvəsini artırmaq lazımdır, onda mikrob insan orqanizminə yaxın düşməyəcək.

Hazırda xəstəliyin ikinci dalğası gəlib. Əvvəlkindən daha kəskin, daha çox can alır. İndi evlərdə də, xəstəxanalarda da hər gün 40 nəfərdən yuxarı insan COVID–19-dan həyatını itirir. ÜST-ün koronavirusun yeni ştammı olan SARS–CoV–2-nin yayılması barədə dünya ölkələrinə müraciəti cəmiyyətdə ciddi narahatlığa səbəb olub. İngiltərə Səhiyyə Nazirliyi dekabrın ortalarında mutasiyaya uğradığı aşkar edilən yeni virusun həmişəkindən daha tez yayıldığını bildirib.

İnfeksionistlərin sözlərinə görə, koronavirusun yeni ştammının yayılma sürətinin də SARS virusunun yayılmasına bənzər olacağı ehtimal olunur. O bir canlı orqanizmdən digərinə keçir və yalnız müəyyən müddət bioloji nəm mühitlərdə qala bilir. Ona görə qorunma vasitəsi kimi tətbiq olunan maska taxılması və məsafənin saxlanılması profilaktikada əsas rol oynayan səbəblərdir. Doğrudur, maska vasitəsilə tam qorunmaq mümkün olmasa da, müəyyən qədər yayılmanın qarşısı alınır. Elə buna görə də hazırda epidemioloji tədbirlərin ən vacibi maskadan istifadə edilməsidir, çünki virus boş səthlərə düşəndə qısa müddətdə məhv olur. Əvvəllər onun iki gün, sonralar iki saat ərzində məhv olduğunu söyləyirdilər, son araşdırmalara görə isə daha tez məhv olur.

Ümid edilir ki, gözlənilən vaksinasiya tədbirləri infeksiyanın yayılmasının qarşısını xeyli dərəcədə alacaq. 2001-ci ildə İspaniyada SARS-1-ə yoluxanların əksər hissəsi, bəlkə də hamısı SARSCoV-2-yə yoluxmadı. Deməli, SARS-2-yə yoluxan xəstənin ikinci dəfə COVID-19-a yoluxma ehtimalı həddindən artıq azdır, lakin mümkündür. Təcrübələr göstərir ki, ikinci dəfə COVID-19-a yoluxan xəstələr olub. Lakin bunu heç kəs deyə bilməz ki, bir dəfə yoluxanın təkrar yoluxması mümkün deyil. Əlbəttə, bu ehtimal var, lakin çox azdır. SARS–2 üçün hazırlanan vaksin SARS–3 üçün də səmərəli bir vasitədir. Əslində, söhbət heç də SARS–3-dən yox, SARS–2-nin mutasiyasından gedir. SARS–3 adlı virus yoxdur, lakin gözlənilir. Yəni virus o dərəcədə mutasiyaya uğramalıdır ki, onu SARS–3 adlandıra bilsinlər. Yaradılan vaksin çox böyük ehtimalla həmin virusun aradan qaldırılması üçün səmərəlidir. Ümid etməyə dəyməz ki, bu xəstəlik aradan qalxacaq və ona yoluxma bir də baş verməyəcək. Bu, çiçək xəstəliyi deyil, vəba deyil, taun deyil. Bu, virusdur. Neçə yüz illərdir qrip virusuna qalib gəlmək mümkün deyil, QİÇS-ə, hepatit viruslarına qalib gəlməmişik, koronavirusa da qalib gələ bilməyəcəyik. Söhbət tam və qəti qələbədən gedir. Sadəcə olaraq biz bu virusla yaşamağı öyrənməliyik. Bunun da ən yaxşı yolu vaksinasiyadır.

Nə qədər maksimal dərəcədə qorunmağa çalışsaq da, koronavirus müəyyən yollarla hər bir evə daxil olur. Onun qarşısını almaq tədbirləri hər kəsin özünə aid olmalıdır, çünki başqa heç bir yolla yoluxmanın və xəstə axınının qarşısını almaq mümkün deyil. ABŞ, Almaniya, İngiltərə, İtaliya kimi böyük ölkələr də bu qədər xəstə axınının qarşısında duruş gətirə bilmir. İndiyə qədər ölkəmizdə görülən tədbirlər xəstə axınının qarşısını almağa xidmət edirsə, bu, özü də böyük uğurdur. Çalışmalıyıq ki, bu uğurda hər birimizin müəyyən qədər payı olsun.