2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə ölkədə ümumi daxili məhsulun (ÜDM) həcmi 2024-cü ildə 89,5 milyard manata qədər artacaq.
“Maliyyə Nazirliyi tərəfindən təqdim edilən Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”ya əsasən verdiyi məlumata görə, qeyri-neft sektorunun ÜDM-də çəkisinin növbəti illərdə daha da artacağı proqnozlaşdırılıb.
Belə ki, 2021-ci ildə 53,6 faiz, 2022-ci ildə 57,3 faiz, 2023-cü ildə 60,8 faiz, 2024-cü ildə isə qeyri-neft sektorunun çəkisi ümumi daxili məhsulda 64,6 faiz təşkil etməsi nəzərdə tutulur.
Qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3 faiz, sonrakı üç ildə də 2,7-2,8 faiz ətrafında olacağı proqnozlaşdırılıb.
2021-ci il üzrə cari əməliyyatlar balansında ÜDM-in 3,1 faizi səviyyəsində və ya təqribən 1,4 milyard ABŞ dolları həcmində kəsir proqnozlaşdırılır. 2022-ci ildə isə ÜDM-in 1,1 faizi və ya 518,5 milyon ABŞ dolları həcmində kəsir nəzərdə tutulur. Növbəti illərdə isə müsbət göstəricilər nəzərə çarpacaq. Belə ki, 2023-cu ildən cari əməliyyatlar balansında ÜDM-in 1,4 faizi və ya 724 milyon ABŞ dolları həcmində profisit yaranacaq. 2024-cü ildə isə ÜDM-in 2,3 faizi və ya 1,2 milyard ABŞ dolları həcmində profisit proqnozlaşdırılıb.
Cari ildə makroiqtisadi vəziyyət və iqtisadi aktivliyin yavaşlaması səbəbindən qeyri-neft gəlirlərinin azalması, pandemiyadan zərər çəkmiş sektorlara dövlət dəstəyinin davam etdirilməsi və sosial xərclərin artırılması nəticəsində 2020-ci il üzrə qeyri-neft baza kəsirinin genişlənməsi və qeyri-neft ÜDM-in 33,5 faizi səviyyəsində qərarlaşacağı proqnozlaşdırılır.
Bununla yanaşı, ortamüddətli dövr üçün müəyyən edilmiş fiskal çərçivə və qeyri-neft ÜDM-nin artımına dair proqnozlar əsas götürülməklə icmal büdcənin qeyri-neft baza kəsirinin ortamüddətli dövrdə azalması hədəflənir. Belə ki, 2021-ci il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti ilkin proqnoz göstəriciləri əsasında hesablandıqda 28 faiz, 2022-ci ildə 25,5 faiz, 2023-cü ildə 23,5 faiz, 2024-cü ildə isə 21,6 faiz təşkil edəcəyi gözlənilir.
Ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsi xərclərinin proqnozu aşağıdakı cədvəldə göstərilir: