Bakı, 06 dekabr Fins.az
Qarabağdakı hərbi əməliyyatlar işğalçı Ermənistanın iqtisadiyyatını çökdürdü. Əməliyyatlara qədər pandemiya səbəbindən iqtisadiyyatı zəifləyən ölkə 44 günlük müharibə ərzində tamamilə faciəvi sonluğa yaxınlaşdı. Artıq Ermənistanın xarici borcu milyardlarla dollar dəyərində ölçülür, ölkədə işsizlik səviyyəsi isə durmadan yüksəlir. Belə bir vəziyyət isə işğalçı respublikada imiqrasiyanın sürətlə artımını şərtləndirir.
Müharibədən əvvəl də Ermənistan iqtisadiyyatında eniş müşahidə olunurdu. Bu dövlətin iqtisadiyyatı 2020-ci ilin ilk yarısında 5,8 faiz azalma ilə qeydə alınmışdı. Bundan başqa pandemiya və hakimiyyətinin düzgün idarə olunmaması ölkənin iqtisadiyyatında olan problemlərinin dərinləşməsinə səbəb olmuşdu. Digər tərəfdən, müharibə Ermənistanda iqtisadi tənəzzülü daha sürətləndirdi. Hazırda Ermənistanın xarici borcu onun dövlət zəmanəti ilə birlikdə 8 milyard dollardan çoxdur. Bu, Ermənistanın ümumi daxili məhsulunun təxminən 70 faizini təşkil edir. Dövlət rezervlərinin həcmi isə 2 milyard dollardan azdır.
Onu da xatırladım ki, müharibə dövründə Ermənistan parlamenti 2020-ci il üçün ölkə büdcəsinə əlavə dəyişiklərin edilməsi ilə bağlı layihə qəbul edib. Dəyişikliklərə əsasən, Ermənistanın xarici borclanma limiti artırılıb. Bununla da düşmən ölkə daha çox xarici borc cəlb etməyə başlayıb.
Ermənistanın dövlət rezervlərinin həcminin 2 milyard dollardan az olması, həm də bu ölkənin mövcud valyuta ehtiyatlarının onun ümumi borcunun dörddə birini təşkil etmədiyindən xəbər verir. Bundan başqa respublikanın sosial göstəricilərində də böyük həcmdə geriləmə var. Əhalinin üçdə biri yoxsulluq səviyyəsində yaşayır. Ölkə sakinlərinin dörddə biri isə işsizdir.
“Fitch” beynəlxalq kredit agentliyinin Ermənistan barədə çıxardığı qərar da bu ölkədə tənəzzülün dərinləşdiyindən xəbər verir. Belə ki, müharibədən sonra adı çəkilən agentlik Ermənistanın reytinqinin azaldılması ilə bağlı qərar qəbul edib. Bunu da savaşın Ermənistan iqtisadiyyatına təsirləri və müharibədən sonra bu prosesin davam edəcəyi ilə əlaqələndirib.
Kredit reytinqinin azaldılmasının Ermənistan üçün ən ciddi neqativ təsirlərindən biri də ölkənin borclanmaya getdiyi zaman bunu daha yüksək faizlə etməyə məcbur olmasıdır. Ermənistan kasıb ölkə olduğuna görə, beynəlxalq maliyyə qrupları istisna olmaqla, digər mənbələrdən vəsait cəlb etməkdə problemləri var. Çünki, adətən, beynəlxalq maliyə qurumlarından kənar mənbələr kasıb ölkələrə böyük məbləğdə kreditlər verməkdə maraqlı deyillər. Ancaq beynəlxalq maliyyə qurumları kasıb ölkələrlə əməkdaşlığı davam etdirirlər. Lakin bu məbləğlər də müəyyən proqramlar çərçivəsində və xüsusi limitlərlə verilir. Bu isə gələcəkdə ölkənin xarici borcunu daha da artırır. Onsuz da bu gün Ermənistan regionda ən çox borc asılılığı olan ölkədir.
Bütün bunlar Ermənistandakı iqtisadi böhranın getdikcə daha da artacağından və qarşıdakı bir neçə ildə də davam edəcəyindən xəbər verir. Hazırda Ermənistanın iqtisadi vəziyyəti uzunmüddətli müharibə aparmağa imkan vermir. Ölkənin prezidenti də etiraf edib ki, ölkə təkcə müharibədə deyil, demək olar ki, bütün sahələrdə uduzub. Ermənistanda müşahidə edilən böhran şəraitini nəzərə alsaq, deyə bilərik ki, respublika iqtisadi tənəzzülü azaltmaq, yaxud, saxlamaq gücündə deyil. Çünki potensialı zəif, iadərəetməsi isə, demək olar ki, iflic halındadır. Bu da nəticə etibarı ilə tənəzzülün növbəti dövrlərdə də davam edəcəyini göstərir.
Bu gün Ermənistanın fərqli ölkələr ilə hərbi əməkdaşlıq qurması və bunu davam etdirmək istəyi onu hərbi baxımdan güclü ölkəyə çevirməyəcək. Əksinə, Ermənistanın xarici borc asılılığını daha da artıracaq. Yəni praktik olaraq, bu gün regionun qalib ordsu Azərbaycan ordusudur. Hətta müharibədən əvvəl beynəlxaq qiymətləndirmədə də ordumuz Cənubu Qafqazın ən güclü ordusu sayılırdı. Ölkənin indiki vəziyyətində Ermənistanın hansı bir ölkə ilə əməkdaşlıq qurması ordusunu böhran vəziyyətindən çıxara bilməyəcək. Əksinə, silahların alınması ölkənin bərbad vəziyyətdə olan iqtisadiyyatını daha da çökdürəcək. Silahlar uzuc qiymətə satılsa belə, indiki Ermənistanın potensialını–dövlət ehtiyatlarının məhdudluğu, valyuta ehtiyatlarının praktik olaraq tükəndiyi şəraitdə ölkəni daha ağır fəsadlarla üzləşdirəcək.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputat