ANALİTİKA

04 Dekabr

Ermənistan iqtisadiyyatı defolt həddinə çatıb

Bakı, 04 dekabr Fins.az

Ermənistan bir dövlət kimi öz mövcudluğunu qoruyub saxlamaq istəyirsə, onun Azərbaycan və Türkiyə ilə normal iqtisadi əlaqələr qurmaqdan başqa nicatı yoxdur. Bu həqiqəti ikinci Qarabağ savaşında ağır məğlubiyyətdən sonra bir dövlət kimi tamamilə çökmüş Ermənistanda Paşinyan hakimiyyətinin iqtisadiyyat naziri vəzifəsinə yeni təyinat almış şəxs bir neçə gün öncə etiraf edib. Şübhəsiz ki, belə bir təşəbbüs müharibədə işğalçı ölkənin ağır məğlubiyyətindən sonra meydana gələn çağırış kimi dəyərləndirilməlidir. İndi Paşinyan hakimiyyətini qorumaq üçün hər vasitəyə əl atmağa çalışır. 

Bu kimi çağırışlarla onun istefasını tələb edən xalqını inandırmağa çalışır ki, bundan sonra atacağı bütün addımlarda vətəndaşlarının taleyini düşünəcək və onların həyat tərzinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyəcəkdir. Ermənistan vətəndaşlarının Paşinyan hakimiyyətinin səmimiyyətinə inamı qalmadığı üçün onlar belə vədləri artıq qəbul etmirlər.

Bəs hazırda iqtisadi kollapsın bir addımlığında dayanan Ermənistan bu durumundan necə çıxa bilər? Öncə, gəlin, pandemiya və müharibə səbəbindən düşmən ölkənin hansı iqtisadi və maliyyə uçurumuna yuvarlandığına diqqət yetirək. Nəzərə alaq ki, işğalçılıq xisləti üzündən on illər ərzində iqtisadi, ticarət və nəqliyyat blokadası şəraitində yaşayan Ermənistanda vəziyyət koronavirus pandemiyayasına və Qarabağ müharibəsinə qədər də kifayət qədər acınacaqlı idi. Belə ki, 2019-cu ilin yekunlarına görə, Ermənistanın xarici ticarət balansınını kəsiri 48 faiz təşkil edirdi. Müqayisə üçün deyək ki, 2019-cu ildə Azərbaycanın xarici ticarət balansında müsbət saldo 70 faizdən çox idi. Ermənistan 2019-cu ildə 2,6 milyard dollar həcmində məhsul ixrac etsə də, onun idxalı 5,5 milyard dollardan çox olmuşdu.

Hazırda xarici ticarət balansındakı 3 milyard dollara qədər kəsiri bağlamağın yeganə yolu isə dövlətin borclanmasıdır. Belə ki, işğalçı Ermənistan artıq ümumi daxili məhsulunun 70 faizi qədərində xarici borclanma şəraitindədir və bu, sürətlə artmaqdadır.

İqtisadiyyatın çökdüyü, maliyyə vəziyyətinin həddindən artıq ağır bir şəraitdə isə bu ölkəyə borc vermək imkanı olan institutlar tərəddüd etməyə başlayıblar. Bu tərəddüdü yaradan səbəblərdən biri də beynəlxalq reytinq agentliklərinin Ermənistanın kredit reytinqini günü-gündən azaltmaları ilə əlaqədardır. Defolt həddinə gəlib çatan bir ölkəyə borc vermək o deməkdir ki, alınan borc geri qayıtmayacaq. Təbi ki, beynəlxalq reytinq agentlikləri bu addımları atarkən Ermənistanın bugünkü real iqtisadi və maliyyə durumundan çıxış edirlər.

Ermənistanda cari ilin 9 ayı ərzində geniş vüsət alan pandemiya səbəbindən iqtisadiyyatın durumu acınacaqlı bir hala gəlib çatmışdı. Bu ilin sentyabr ayının 27-də başlanan Qarabağ müharibəsi isə onsuz da ağır iqtisadi şəraitdə olan ölkənin üzərinə tarixdə misli görünməmiş ağır bir maliyyə yükü də əlavə etdi. Müharibədə Ermənistan ordusunun 80 faizə qədəri şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın olundu. Otuz il ərzində qurulan və 44 günə darmadağın edilən bu ordunu əvvəlki vəziyyətdə bərpa etmək üçün Ermənistana indi ən azı 5–6 milyard dollar əlavə vəsait lazım olacaq. Dağlıq Qarabağdan və işğaldan azad olunan digər ərazilərdən gəlmiş on minlərlə köçkünü mənzillə, işlə təmin etmək və onların digər problemlərini çözmək üçün Ermənistan ən azından 2 milyard dollara qədər əlavə vəsait tapmalıdır.

Bu itkilərin sırasına bir oğru dövlət kimi Ermənistanın Dağlıq Qarabağda və işğal altında saxladığı digər torpaqlarımızda zəngin mineral resurslarımızı talamaqla əldə etdiyi qazancdan məhrum olduğunu da əlavə etsək, yanılmarıq. Ermənistan üçün daha bir ağır maliyyə yükü işğal altında olan torpaqlara onun hökumətinin dəvət etdiyi xarici investorlarla bağlı kompensasiyaların ödənilməsi olacaqdır. Şübhəsiz ki, xarici investorlar sərmayələrinin etibarlı olması üçün Ermənistan hökumətindən zəmanət alıblar. İndi həmin zəmanətlər müqabilində əcnəbi iş adamları ilə hesablaşmaq lazım gələcək. Yəni onlara dəyən zərəri ödəmək vacib bir şərt kimi qarşıya çıxacaq. Əks halda, həmin investorlar Ermənistanın beynəlxalq məhkəmələrdə mühakimə olunmasına çalışacaqlar.

Ermənistanın yuxarıda sadaladığımız bu qədər böyük itkilərinin və gözlənilən maliyyə yükünün üzərinə Azərbaycana vurduğu ziyanın ödənilməsini də gəlsək, bu dövlətin indiki və gələcək durumunu daha aydın təsəvvür etmək olar. Prezident, Ali Baş Komandan İlham Əliyev artıq bəyan edib ki, dəyən ziyan hesablanacaq və onun ödənilməsi məsələsi beynəlxalq hüquqi müstəvidə həll ediləcəkdir.

On illər ərzində işğal altında saxlanılaraq dağıdılmış yaşayış məntəqələrimizə, kommunikasiyalara, sosial obyektlərə, qəbirstanlıqlara, ekologiyaya vurulan ziyana görə Ermənistan Azərbaycana ən azı 50 milyard dollara qədər təzminat ödəməli olacaqdır. İllik dövlət büdcəsi 3,5 milyard dolları ötməyən bir dövlət üçün bu qədər ağır maliyyə yükünü uzun dövr çəkib apara bilməyin yeganə yolu Azərbaycan və Türkiyə qarşısında diz üstə çöküb kömək diləmək ola bilər. Türkün qılıncı kəsərli olduğu qədər, mərhəməti də böyükdür! Ancaq biz bundan sonra əvvəlki dövrlərdən dəfələrlə ayıq olmalıyıq. Çünki erməni millətinin xislətinin dəyişməsi çox çətindir.

Fikrət YUSİFOV,

professor,

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri