Bakı, 01 dekabr Fins.az
Bu gün Laçın rayonu Ermənistan silahlı qüvvələrindən təmizlənərək Azərbaycana təhvil verilib.
Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu il noyabrın 10-da imzaladığı üçtərəfli bəyannaməyə əsasən, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək Laçın rayonundan çıxarılmalı və rayon Azərbaycana təhvil verilməlidir.
Xatırladaq ki, işğal zamanı Laçın rayonundan 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayonun 6 Milli Qəhrəmanı var. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.
İşğal zamanı rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.
Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarında, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün kimi məskunlaşıb.