Bakı, 27 noyabr Fins.az
Məlum məsələdir ki, hər bir hökumətin uğuru iqtisadiyyatın inkişafı ilə, iqtisadiyyatın inkişafı isə ümumi daxili məhsulun artımı ilə müəyyən edilir. İllərdir böyük iqtisadiyyatlar ÜDM-i artırmaq üçün demək olar ki, yarışırlar. İdarəçilər hakimiyyətdə qaldıqları müddətcə uğurlu olmaq istədikləri üçün və səs toplamaq üçün adətən qısamüddətli tələbləri hədəf alıb irəliləyirlər. Bu da növbəti illərdə tənəzüllər gətirir. Ötən əsrlərdə tənəzzüllər 33 illik tsikllərlə baş verirdisə artır tsikillər arasında müddət qısalıb 5-10 il olub.
Lakin indi baş verən tənəzzül tsiklik xarakterdən çox fundamental xarakter nümayiş elətdirir. İllərdir ÜDM-i artırmaq üçün israfçı iqtisadiyyatlar qurulur və insanlar israfa yönəldilir. Geyim, texnika və avtomobil istehsalçıları demək olar ki, hər il yeni modellər istehsal edirlər və bir çoxu buna məcbur qalır. Xidmət sahəsi o qədər inkişaf etdirilir ki, istehsalı 2 dəfə üstələyə bilir. Sadə insanlar isə reklamlarla yönləndirilib ehtiyaclarından dəfələrlə artıq istehlak edirlər. Bu iqtisadi modelə “Ehtiras iqtisadiyyatı” adı verə bilərik. Lakin bu iqtisadiyyat dünyanı uçuruma aparacaq və sonunu gətirəcək qədər çirkləndirir. İldə 4 dəfə səyahət etmək və bu səyahəti dünyanın adları müxtəlif yerlərində, lakin eyni şəraitdə keçirmək artıq standart halına gəlibdir. ABŞ kimi iqtisadiyyatlarda əhalinin 40%-dən çoxunun yalnız kreditinin olmasına baxmayaraq kreditlə istirahət etmək imkanları təqdim edilirdi. Məgər rayonlarda etdiyimiz pikniklər Balidə hovuz kənarındakı istirahətdən azmı zövqlüdür?
Kapital axıcılıq əldə etdiyi üçün dünyanın müxtəlif yerlərində böyük, lazımsız, lüks yaşayış kompleksləri və istirahət mərkəzləri tikilib. Buraya gündə minlərlə insanlar səyahət edir və havanın çirklənməsinə səbəb olur. Dubay kimi şəhərlər Avropa, Asiya və Azərbaycanın şəhərlərindən nəyi ilə üstün ola bilər ki, bu qədər investisiya cəlb edib? Yaxud Bali və Maldivin inkişafı niyə yerli əhalisinin həyat şəraitinə müsbət təsir etmir? Bəs pulları kim qazanır ki? Dərinliyə baxanda bu suallara cavab tapmaq olur.
Bir sözlə artıq bu ehtiras iqtisadiyyatının sonu gəlib. Ehtiras iqtisadiyyatı təbii resurslara malik ölkələrdən təbii resursları alanların əvəzində onlara bir məhsul satıb pulu geri almalarına xidmət edirdi. Çin kimi böyük iqtisadiyyatlar bunun tez fərqinə varıb buna qarşı mübarizə modeli qura biləcək səviyyədədir. Avstraliyada olanda hər gün bazardan təzə meyvə-tərəvəz və göyərti alıb təyyarə ilə Çinə göndərən və əsas işi bu olan xeyli tələbə gördüm. Ən azı bir milyard əhalisi tələbatını ödəyə bilməyən iqtisadiyyata bu səviyyədə ehtiras iqtisadiyyatı buraxsan qısa müddətə dövlətçiliyin ölümünə fərman vermiş olarsan.
Bir insanın ehtiraslarını təmin etmək üçün etdiyi istehlak min insanın ehtiyacından imtina etməsinə səbəb olur.
Düşünürəm ki, tənəzzülə uğrayan ehtiras iqtisadiyyatıdır. Hara qədər geriləyəcək proqnoz etmək çətindir. Lakin insanlar düşünməlidirlər ki, nə üçün 20 il əvvəl bir ayaqqabını, bir kurtkanı, paltonu və ya kostyumu 4-6 il geyinirdi, amma indi hər il yenisini almalıdır. Yaxud mobil telefonumuzdakı funksiyaların 5-10%-dən çoxunu istifadə etmədiyimiz halda bir il sonra yeni modeli niyə almaq məcburiyyətində hiss edirik özümüzü? Bu fikirlər bizə haradan təbliğ edilir? Bunlar elementar kiçik nümunələrdir. İnternet üzərindən informasiyanın əlçatanlığının artması və marketinqin biznesin mərkəzi strukturuna çevrilməsi bu iqtisadiyyatın artmasını sürətləndirib. Amma bu ehtiras iqtisadiyyatı dünyanın çirklənməsinə və faciəvi sonluğuna gətirir. Tarixən baş vermiş pandemiyalar da şəhərləşmənin və böyük şəhərlərin ciddi problemlərlə üz üzə olduğunu göstərib. İtaliya, Avstriya, Belçika, İngiltərə və s. kimi Avropa ölkələrində insanların klassikaya necə dəyər verdiyini və geyimlərində, miniklərində, həyat tərzlərində bunu görmək çox da çətin deyil.
İstiqamət ehtiyac iqtisadiyyatına doğrudur.
Dünyada tələbatını ödəyə bilməyən milyardlarla insanlar var. Bu insanların sahib olduğu dövlətlər var. Bu dövlətlər əhalisinin minimal tələbatlarının ödənilməsi istiqamətində daim addımlar atır. Dünyanın düşünən beyinləri, böyük kapital sahibləri məhsullarını bu insanlara da sata bilmək üçün onların dəyər yaratması istiqamətində, tələbatlarını ödəyə bilməsi istiqamətində addımlar atmağa məcburdurlar.
İsveçrə, İngiltərə, Yaponiya və s. kimi inkişaf etmiş ölkələrdə minimal tələblərini ödəyəcək qədər kompensasiya alıb iqtisadiyyatda iştirak etmədən sadəcə yaşayan 10 minlərlə insanlar var və bu ölkələrin bir çoxu robotlaşmanı və digitallaşmanı nəzərə alıb iqtisadi model kimi insanların iş vaxtlarını azaltmağa və effektivliyi artirmağa yönəliblər.
Dünya elə bir yerə gəlib ki, hər bir fərd gündə 2-4 saat işləməklə bütün tələbatını ödəyə bilər. Əgər izafi istehlak etmək istəməzsə.
Almaniya kimi ölkələrdə sosial yönümlülük pik həddlərə çatsa da ehtiras iqtisadiyyatının qarşısını almaq çətinləşib, insan fitrətilə mübarizə aparmaq çox da asan deyilmiş kimi görünür. Çox qazananları yüksək faizlə vergiyə cəlb etmək, 10 illərdir davam edən kiçik və orta sahibkarlığa dəstək proqramları, sosial proqramlar, gəlirin insan ömrü üzrə bərabər paylanmasına dəstək, aşağı kateqoriyalı işlərə digərləri ilə bərabər və ya yaxın maaşlar təklif etmək və s. bu dəstəyə nümunədir.
Bu misallar göstərir ki, ehtiyac iqtisadiyyatının formalaşdırılması üçün illərdir fəaliyyət var və bu labüddür, olmalıdır. Pandemiya fonunda təbiətin də dəstəyi ilə qısamüddətli perspektivdə ehtiyac iqtisadiyyatının aktual olacağını düşünürəm. İnsanların seçimi bu prosesi sürətləndirəcəkdir. Sadə yaşam modelləri daha aktual ola bilər.
Bütün yeyinti məhsulları süfrəmizə gələnə qədər keyfiyyətini itirməklə yanaşı üçdə biri yolda məhv olur və qiyməti 3 dəfə qalxır. Bizi şəhərə gətirən iş yerləri internet vasitəsilə artıq olduğumuz hər yerdə var. Şəhərdə bizi saxlayan digər amil təhsil idisə artıq bu da bizim olduğumuz yerə daha ucuz gəlir. Şəhərdə yaşamağımızı dəstəkləyən əyləncə isə artıq yoxdur, hamısı bağlıdır. Şəhərin yalnız sıxıntısı qalıb. Biz yeni yaşam modelini gördük. Bu yaşam modelinin internet üzərindən elmi və mədəni inkişafımızı təmin etməsi fərdlərin özündən asılıdır, vaxtlarını nəyə sərf etmələrindən asılıdır. Əlbəttə, pandemiya bitəcək və bizneslər əvvəlki kimi fəaliyyət göstərməyə çalışacaq. Bəs biz köhnə həyat modelini dəstəkləyəcəyik? Evdə təhsil ala bildiyimiz təqdirdə məktəbə gedəcəyik? əyləncəyə xərcləyəcək qədər vəsait qazanacağıq? əvvəlki süni əyləncələrdən zövq ala biləcəyik? Daha yaxşısı internetdə və təbiətdə yoxdur?
Bu bir seçim məsələsi olacaq. Ya təbiətdə sakit, sağlam qidalarla, fiziki hərəkətlənmə ilə, distant iş və təhsillə yaşamağı, yaxud da həmin qovğaya geri dönməyə qərar verib şəhərdə qalacağıq. Yaxın dostum 7 il əvvəl Avropadan Bakıya köçəndə soruşdum ki, niyə qayıdıb. Cavabı bu idi: “orada həyatın pulun transferindən ibarətdir. Nə qədər çalışsan da ayın sonu daxil olan əmək haqqını xərclərinə transfer etdikdən sonra zövqünə xərcləməyə ciddi rəqəm qalmır. Qayıtdım ki, həyatımı yaşayım, ölkəmə fayda verim. Transfer etməyim”.
Bu cavab vəhşi kapitalizmin təsviridir.
Bir sözlə iqtisadiyyat indi geriyə gedir. İqtisadiyyat qabağa gedəndə arxada qalan ölkələrin şansı artır. Çünki bu ölkələrdə şişmiş ÜDM az olduğu üçün kiçilmə də az faizlə olacaqdır. İlkin tələbat məhsulları istehsal və ixrac etdiyi üçün ehtiyac iqtisadiyyatı dövründə onun üçün tələb azalmamışdır. Qiymətin enməsinin mənfi təsiri isə müvəqqəti xarakter daşıyır.
Bu yazını Şəhid qardaşımız Xudayar Yusifzadənin ifası altında yazdım və ona həsr edirəm.
İnvestisiya məsləhəti almaq üçün istənilən şəxs //afi.az/investment-services/ linkinə daxil olaraq “Müştərimiz ol” düyməsinə klik etməklə açılan pəncərədə özü haqqında məlumatı yerləşdirə bilər.
Müəllif: İntiqam Səfərəliyev
AzFinance İnvestisiya Şirkətinin Direktoru