ANALİTİKA

06 Mart

Azərbaycanda qiymətli kağızlar bazarı varmı? - Pərvanə Qasımova AÇIQLAYIR

Belə bir ritorik suala həm “hə”, həm də “yox” cavabı vermək olar.

Qeyd etmək lazımdır ki, Azərbaycanda qiymətli kağızlar bazarının infrastrukturu mövcuddur: beynəlxalq standartlara uyğun olaraq yazılmış “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq tənzimləməni həyata keçirən qaydalar, nəzarət orqanı, Mərkəzi depozitar və ticarəti təşkil edən platforma-birja.

Hətta dərc edilmiş hesabatlara nəzər yetirsək müəyyən edərik ki, qiymətli kağız dövriyyəsi də milyardlıq rəqəmlərlə ifadə olunur.

Bəs “yox” cavabı nə ilə bağlıdır?

İlk növbədə qeyd edək ki, Azərbaycanda mövcud olan qiymətli kağızların dövriyyəsi dövlət qiymətli kağızları ilə bağlıdır. Burada iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edən qurumlar öz aktivlərini “0” riskli olan alətlərə qısamüddətli yatırır.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi labüddürmü? Bu ritorik sual ilə özüm özümə müraciət edirəm. 30 ildən çoxdur ki, bu bazar lazımi qaydada olmadan öz yolunu tutur. Bəs onda niyə inkişaf etmiş ölkələrdə, habelə iqtisadiyyatın nəzəriyyəsində kapital bazarına önəm verilir?

Gəlin bir sual ilə də müraciət edək özümüzə... Kapital bazarı nədir?

Bu gün iqtisadiyyatımızın aktual mövzularından biri məhz maliyyələşmə imkanlarının olmamasıdır. Hazırda prioritet məsələlər qeyri-neft sektorunun inkişafı, kiçik və orta sahibkarlara dəstəyin verilməsidir. Bir çox hallarda qiymətli kağızlar bazarını “alternativ maliyyələşdirmə imkanı kimi” təzahür edirlər. Elədirmi? Xeyr, əlbəttə ki, elə deyil. Qiymətli kağızlar bazarı klassik maliyyələşdirmə imkanıdır.

Təəsüflər olsun ki, iqtisadçı ekspertlərimiz bu sahə barədə çox az danışırlar. Halbuki məhz qiymətli kağızlar bazarının inkişafı iqtisadiyyatda olan boşluqların aradan qaldırılmasına kömək edə bilər. Lakin bu bazara dair marağın yaradılması necə olmalıdır? Bir çox ölkələrin təcrübəsi göstərir ki, hökumətin bu sahəyə marağının artması məhz vergi güzəştləri ilə bağlıdır. Misal üçün yaxın qonşumuz olan Rusiya bu bazarın inkişafına məhz individual investisiya hesabı kimi məhsulun ortaya gətirilməsi ilə nail olmuşdur. İndividual investisiya hesabı nədir?

Bu hesab investisiya şirkətlərində açılmalıdır və rəsmi fəaliyyətdən irəli gələn gəlir hesabına formalaşır.

Həmin hesabda olan vəsait investisiya şirkətinin idarəedilməsinə verilir. Burada məqsəd pulun təcrübəli əllərdə olmasıdır. Məlumdur ki, qiymətli kağızlar bazarında hər hansı strategiyaya malik olmaq təcrübə tələb edir. Məhz bu səbəbdən bu işin peşəkarlara həvalə edilməsi daha məqsədəuyğundur.

Həmçinin bu individual investisiya hesablarına münasibətdə vergi güzəştləri tətbiq edilmişdir. Vergi güzəşti həm əsas iş yeri üzrə, həm də investisiya fəaliyyəti nəticəsində əldə olunan gəlirin vergidən azad olunmasına şamil edilmişdir. Həmçinin bu hesaba münasibətdə vaxt məhdudiyyəti tətbiq edilmişdir. Müqavilənin müddəti kimi üç il nəzərdə tutulmuşdur.

Bu cür analogiya Azərbaycanda həyatın yaşam sığortasına tətbiq olunmuş və bu məhsul məhz dövlət tərəfindən verilən güzəştlər nəticəsində inkişaf etdirilmişdir. Lakin skeptiklər dərhal dövlətin kommersiya təşkilatlarında çalışan şəxslərinə şərtləşdirilməmiş vergi güzəşti tətbiq edilməsini qeyd edə bilərlər. Əlbəttə ki, hər bir vergi güzəşti bu və ya digər sahənin inkişaf etdirilməsi və ya əhalinin sosial rifahının yüksəldilməsinə təkan verir. Hörmətli skeptiklər, bu sadəcə mövcud olan çoxsaylı təcrübələrdən misaldır.

Şərti olaraq bu üsul ilə 3 illik investorları formalaşdırdıq. Qaldı bu investorların investisiya edilə biləcək alətlərini formalaşdırmaq. Düşünürəm ki, bu məsələ işin ən asan tərəfidir. Belə ki,  Azərbaycanda ən aktual məsələlərdən biri məhz maliyyələşdirilmə imkanlarının yaradılması və axtarışıdır. Məqalənin əvvəlində klassik maliyyələşdirmə imkanlarından bəhs etmişdik. Həmin imkan məhz qiymətli kağızların emissiyasıdır. İnvestisiya qiymətli kağızların sırasına daxil olan istiqraz və səhmdir. İstiqraz bank kreditinin analogiyası kimi oxuculara təqdim oluna bilər. Fərq isə ondadır ki, maliyyələşmə imkanından yararlanmaq istəyən hüquqi şəxs borc almaq üçün banka getmir. Həmin borc vəsaitini pulu vermək istəyən şəxslərdən birbaşa alır. Nəticədə daha az faizlə maliyyələşdirmə imkanı qazanır. Əlbəttə ki, bu cür maliyyələşmə imkanına malik olmaq üçün şirkətin düzgün hesabatlıq sistemi olmalı və o, korporativ idarəetmə üsuluna malik olmalıdır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, kütləvi təklifə üz tutmuş və ölkənin fond birjasında ticarətə buraxılmış şirlkətlər iqtisadiyyatın şəffaf olmasının ilk amillərindən biridir. Səbəb isə aydındır, bir dəfə fond birjasının listinqinə düşən şirkət artıq öz imicinin qorunmasına can atır. Yalnız bu halda illərlə müzakirə etdiyimiz korporativ idarəetmə nəhayət ki, şirkətlər tərəfindən könüllü əsaslarla tətbiq ediləcək. Şirkətlər öz təkamül proseslərində yeni addımlar atacaqlar.

Digər söz açacağımız alət səhmdir. Bu isə şərikli kapitala malik olmaqdır. Lakin 90-cı illərdə olan “pis təcrübə” bizi əsla ruhdan salmamalıdır. Səhm alətinin beynəlxalq təcrübəyə əsasən tətbiq edilməsi şirkətlərə sağlam kapitallaşma imkanı verəcək. Azərbaycanın səhm bazarında ilk IPO çərçivəsində şirkətlərin korporativ idarəetmə üsulunun tətbiqi zəruri olacaq. Burada səhmdarlar dividend, treyderlər ticarət edən maliyyə alətləri, emitentlər maliyyə vəsaiti əldə edəcəkdir.  Bəs bu kapital bazarının inkişaf etdirilməsinə kifayətdirmi? Xeyr, kifayət deyil. Bazarın əsas iştirakçıları olan institusional investorların formalaşdırılması da labüddür.

İnstitusional investor kimdir? Əlbəttə ki, ağıla gələn bank, sığorta və digər maliyyə institutlarıdır.

Lakin kapital bazarına bir başa təsiri olan investorlar sırasına mütləq qaydada investisiya fondları və pensiya fondları əlavə edilməlidir.

Əfsuslar olsun ki, bu maliyyə institutları Azərbaycanda mövcud deyil. Statistikaya müraciət etməyəcəm və digər ölkələrdə olan investisiya fondları barədə məlumat da verməyəcəm. Əsas odur ki, Azərbaycanda “İnvestisiya fondları haqqında” Qanunun qəbulundan 9 il keçib və bir dənə də investisiya fondu yaradılmayıb. Digər institut isə pensiya fondudur. Bu institutun ölkə iqtisadiyyatı üçün çox önəmli yeri var. Bir başa əhalinin sosial rifahına yönəlmiş fəaliyyət ilə məşğul olan pensiya fondu həm də kapital bazarına münasibətdə institusional investor rolunda çıxış edə bilər.

Məhz bu cür kompleks tədbirlər və yanaşma ilə iqtisadiyyatın daha da intensiv inkişafına, və nəhayət ki maliyyə bazarlarının əsas elementi olan kapital bazarının inkişafına nail olmaq olar.

Davamı var.....

Müəllif: Pərvanə Qasımova