ANALİTİKA

20 Fevral

İşsizliyin qarşısını alacaq

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradacaq.

Tədbirlər planına əsasən əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modelinin formalaşdırılması nəzərdə tutulur. Eyni zamanda, nazirliyin “Məşğulluq” altsisteminin inkişaf etdirilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işinin gücləndirilməsi diqqətdə saxlanacaq. Tədbirlər planına əsasən, işsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsinın genişləndiriləcəyi gözlənilir.

2020–2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasına qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir. Eləcə də həmin dövr ərzində əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması, işə düzəlmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestrinin yaradılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması, Mərkəzləşdirilmiş Karyera Portalının işə salınması təmin olunacaq.

Bunlardan başqa, işəgötürənlərlə məşğulluq orqanları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi, bu orqanların fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi də tədbirlər sırasında yer alır. Özünüməşğulluq proqramına cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların “ABAD” mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflər hazırlanması, haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi və təşkili mexanizminin təkmilləşdirilməsi, səmərəliliyinin artırılmasının təmin olunması diqqətdə saxlanacaq.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında Qanunvericilik və İdarəetmə üzrə işçi qrupun növbəti iclasında Azərbaycan Respublikası Baş Naziri yanında qeyri-formal məşğulluqla mübarizə ilə bağlı keçirilmiş müşavirədə verilən tapşırıqların icrası istiqamətində görüləcək işlər müzakirə olunub. Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində hazırlanmış normativ hüquqi aktların icra vəziyyətinə dair müzakirələrdə işçi qrupunun rəhbəri Anar Əliyev qeyri-formal məşğulluğa qarşı mübarizədə müvafiq qurumlar arasında sıx koordinasiyanın vacibliyini vurğulayıb. Bu sahədə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsinin və mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsinin əhəmiyyəti qeyd edilib, normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən irəli sürülən təkliflər dinlənilib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib. Həmin şəxslər üçün artıq 45 rayonda təlimlər keçirilir. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Bu qiymətləndirmədən keçən şəxslər təqdim etdikləri biznes-plana uyğun mal və materiallarla təmin ediləcəklər. İşsizliyin azalması, vətəndaşların kasıblıqdan sahibkarlığa keçidi üçün mühüm əhəmiyyəti olan özünüməşğulluq proqramı ölkə ərazisində yüksək dəyərləndirilir və proqrama qoşulmaq istəyənlərin sayı gündən-günə artır.

Onu da demək lazımdır ki, özünüməşğulluq proqramı kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq icra olunan ödənişli ictimai işlər (“İşsizin DOSTu”) proqramı işsiz və işaxtaranların məşğulluğu ilə bərabər, onların konkret fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə də imkan yaradacaq. Bu məqsədlə hazırda proqramın təkmilləşdirilməsi işləri aparılır. Ötən il 38 min ödənişli ictimai iş yeri yaradılıb. Ödənişli ictimai işlər proqramına cəlb olunanlar əsasən ilkin peşə hazırlığı olmayanlardır. Ona görə də bu ildən əsas hədəflərdən biri də budur ki, proqrama cəlb edilənlər işlə təmin edilib əmək haqqı almaqla yanaşı, onlara işlədikləri bu və ya digər sahə üzrə ilkin peşə biliklərinə, bacarıqlara yiyələnmələrinə də şərait yaradılsın.

Digər qurumlarla da bu yöndə birgə işlər aparılacaq. Nəticədə ictimai işlər proqramının ilkin peşə hazırlığı olmayan işçi qüvvəsinin müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara yiyələnmiş işçi qüvvəsinə çevrilməsində də mühüm rol oynayacaq.

Bununla da ölkədə işsizlərin sayı azalacaq, vətəndaşların məşğulluq imkanları genişlənəcək və bu proqramların həyata keçirilməsi nəticədə əhalinin rifahının yüksəlməsinə səbəb olacaq.