ANALİTİKA

16 Oktyabr
15

“Moody’s” reytinq agentliyi Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndirib

“Moody’s” reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit “Ba2” səviyyəsində təsdiqləyib. Hesabatda qeyd edilib ki, maliyyə sektorundakı islahatlar əhali kütləsinin borc risklərini azaltmaq və kredit verilməsinin bərpasına yönəlib.

Xatırladaq ki, “Moody’s” reytinq agentliyi Azərbaycanın maliyyə sektorunda aparılan islahatlar barədə mütəmadi olaraq qiymətləndirmə aparır və agentliyin daha əvvəl açıqladığı hesabatında hökumətin problemli kreditlərin həlli istiqamətində təşəbbüsü yüksək dəyərləndirib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib ki, böyükhəcmli xarici aktivlər üzrə xalis kreditor statusu və neft-qaz gəlirlərinin effektiv surətdə digər sektorlara yönəldilməsi hesabına daxili siyasi sabitliyin təmin olunması “Moody’s” reytinq agentliyi tərəfindən ölkənin kredit etibarlılığını səciyyələndirən güclü tərəflər kimi vurğulanıb.

Həmçinin hesabatda qeyd olunub ki, fiskal və maliyyə sektorunda aparılan islahatlar Azərbaycanın suveren kredit etibarlılığını zərbələrə, elastikliklərə davamlılığını artıra, həmçinin hökumətin borc yükünü və bank sistemi riskini aşağı sala bilər. “Moody’s” agentliyi ölkənin maliyyə sektorunda kreditlərin artmasını müsbət trend kimi qeyd edib. Agentliyin qiymətləndirməsinə əsasən, fiziki şəxs və müəssisələrə kreditlərin verilməsi 2018-ci ilin dekabrından artmaqdadır.

Hesabatda bildirildiyi kimi, neftqaz gəlirlərinin səmərəli surətdə digər sektorlara yönəldilməsi daxili siyasi sabitliyin təmin olunmasını, eyni zamanda, ölkənin kredit etibarlılığını şərtləndirib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Beynəlxalq Maliyyə İnstitutunun (IIF) Qafqaz və Mərkəzi Asiya üzrə hesabatında da sözügedən məsələ diqqətə çatdırılmışdı. Bildirilmişdi ki, ucuz xammal qiymətlərinə və regional iqtisadiyyata təsir göstərən Rusiya ilə Çində artımın aşağı templərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında artım davam edəcək. Hesabatda deyilirdi ki, Azərbaycan iqtisadiyyatında hazırda genişləndirmə prosesi gedir, bu il ümumi daxili məhsulun (ÜDM) 2,8 faiz artacağı proqnozlaşdırılır. Analitiklər gələn il isə 2,9 faiz həcmində artımın qeydə alınacağını bildirirlər.

“Moody’s”un hesabatını şərh edən analitiklərin fikrincə, Azərbaycanda artım Cənub Qaz Dəhlizinin açılması və xidmət sahəsinin daha da təkmilləşməsi ilə əlaqədardır. Adıçəkilən qaz dəhlizi karbohidrogenlərin, xüsusilə də təbii qazın hasilatını artırmağa imkan verməlidir. Onun aparıcı elementi olan Trans-Adriatik boru kəməri 2020- ci ildə “Şahdəniz” yatağından Avropaya ildə 10 milyard kubmetr təbii qazın tədarükünə başlamağa təsir göstərəcək.

Ölkənin həm büdcə, həm də cari hesabları profisitdədir və neft qiymətlərindəki müsbət dəyişikliklər qızıl-valyuta ehtiyatlarının artmasına kömək edib. 2019-cu ilin birinci yarısında yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz yüksəlib.

SOCAR tərəfindən neft və qaz hasilatı 2018-ci il səviyyəsindədir, xam neft ixracı cüzi artıb, təbii qaz, emal olunmuş neft və neft məhsullarının ixracı isə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, ölkə Şərqi Avropaya xalis elektrik enerjisi ixracçısına çevrilib.

Bundan sonrakı dövr üçün qarşıda duran əsas vəzifə şaxələndirməyə, inteqrasiyaya və özəl sektorun imkanlarının genişləndirilməsinə xidmət etməkdir. Ölkə iqtisadiyyatında struktur islahatlarının davam etdirilməsi bu sahədə artımın dinamikliyini şərtləndirir.

Yeri gəlmişkən, son bir il iqtisadiyyatda islahatların dərinləşməsi, struktur yeniləşməsi kimi yadda qalıb. Bu müddətdə iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, investisiya mühitinin daha da yaxşılaşdırılması, xüsusən də iş adamları üçün yeni imkanların, o cümlədən, güzəştli kreditlərə çıxış imkanlarının artırılması, eyni zamanda, idarəetmə sistemində çevikliyin artırılması ilə bağlı struktur islahatlarının genişləndirilməsi deməkdir.

Həyata keçirilən iqtisadi islahatlar, gömrük və vergi sahəsində şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib. Məhz bunun nəticəsidir ki, dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasında olan Azərbaycan iqtisadiyyatı cari ilin birinci yarısında 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb.

Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Valyuta ehtiyatları rekord həddə çataraq 49 milyard dollar səviyyəsinə yüksəlib. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6 faiz artıb, inflyasiya 2,5 faiz təşkil edib.

Burada bir məqama da diqqət yetirmək istərdik. Belə ki, əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində mühüm yer tutur. Əvvəlki dövrdə olduğu kimi, bu ilin birinci yarısında da ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Cari ilin 6 ayında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63 faiz artım müşahidə olunub, 131 min ton yük daşınıb. Şimal-Qərb və ŞərqQərb nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, yanvar-iyul aylarında Şimal-Qərb nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70 faiz artaraq 829 min ton təşkil edib. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan qeyrineft məhsullarının həcmi isə 42,8 faiz artaraq 795 min ton olub.

Bu ilin birinci yarısında özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib. Hesabat dövründə sahibkarlara 1130 lisenziyanın verilməsi, onun da 568- nin yeni, 562-nin isə müddətsiz lisenziyalarla əvəzetmədən ibarət olması qeyd edilən fikrin bariz ifadəsidir. Son illərdə özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirləri daha da gücləndirilib.

Bu sahənin uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün cari ilin birinci yarısında sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. Bu ilin altı ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib.

Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi sənaye istehsalı və emalının, eləcə də 44 faizi regionların, 56 faizi isə Bakı qəsəbələrinin payına düşür.

Beləliklə, qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Dövlət başçısının “Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək” strateji xətti qarşıdakı illərdə də Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır.