Agentlik: Hələ də saxta əlillik düzəltmək üçün dəllallıqla məşğul olan şəxslər var

“Müddətli əlilliyi olan vətəndaşlara müraciət etmək istəyirəm ki, əlillik müddətlərinin bitmə vaxtını unutmasınlar”.

Məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2016-cı ildə heç bir müayinə keçirilmədən əlilliyi olan şəxslərin əlillik müddəti 5 il uzadılıb: “Bu səbəbdən müəyyən vətəndaşlar müddəti diqqətdən qaçırırlar. Ona görə müraciət edirəm ki, əlillik müddəti bitməmiş tibb müəssisəsinə müraciət etsinlər. Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanuna müvafiq dəyişiklik aparılır, buna əsasən əlilliyi olan şəxslər hətta müddət bitəndən gecikib 6 ay sonra müraciət etsə də, ona əlillik müraciət etdiyi vaxtdan yox, əlillik müddəti bitdiyi dövrdən təyin edilir. Yəni, əlillik müddəti bitəndən 6 ay sonra da müraciət etsələr, əvvəlki itirilmiş dövrün təqaüdünü də alacaq, heç bir itki olmayacaq. Son 3 ildə sosial ödənişlər 60 faiz artıb, burada 2,4 milyard manatdan söhbət gedir”.

A. Bayramov eyni zamanda qeyd edib ki, iki şəxs vətəndaşları aldadaraq onlara saxta əlillik düzəltmək istəyib: “Bununla bağlı Baş Prokurorluğa müraciət etdik və məsələ araşdırıldı. İki şəxsin bu səbəbdən həbs edilməsi göstərir ki, hələ də belə dəllallıqla məşğul olan şəxslər var və onlara qarşı da mübarizə aparılır”.

(c)APA

SHARE THIS STORY

FacebookTelegramTwitter