TENDER

TAP üzrə telekommunikasiya və təhlükəsizlik sistemləri üçün tender elan edilib
03 MAY
220

TAP üzrə telekommunikasiya və təhlükəsizlik sistemləri üçün tender elan edilib

2018-05-03 14:13:00

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə telekommunikasiya və təhlükəsizlik sistemləri üçün tender elan olunub.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP AG telekommunikasiya və təhlükəsizlik sistemlərinin mühəndislik, tədarük, quraşdırma və idarə olunması (EPIM) üçün tenderə başlayıb. TAP-ın İtaliya və İsveçrədə məlumat mərkəzlərini, o cümlədən fiber-optik şəbəkəni, Yunanıstan və Albaniyadakı kompressor stansiyalarına daxil olan, müxtəlif boru kəməri texnologiyalarını birləşdirən qlobal şəbəkə yaradılacaq.

TAP-ın informasiya və kommunikasiya texnologiyaları üzrə direktoru Pierluca Ferrari deyib: “TAP layihəsinin 70 faizi tamamlanıb və biz, boru kəmərinin “Şahdəniz-2” qazını Avropaya təhlükəsiz nəql etməyə hazır olmasını təmin edirik. Telekommunikasiya və təhlükəsizlik sistemləri qlobal şəbəkənin 878 kilometrlik boru kəmərinin və onun qurğularının sınaqdan keçirilməsində və infrastrukturun 2020-ci ilədək fəaliyyətə hazır olmasında mühüm rol oynayacaq”.

Qeyd edək ki, TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 70 faizi yekunlaşıb. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 610 kilometrində borular torpağa basdırılıb. Beləliklə də TAP-ın Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb. Bu hissədə torpaq örtüyünün 52 faizi əvvəlki vəziyyətinə gətirilib. Boruların 87 faizi, 670 kilometr boru qaynaq olunub. TAP-ın 215 kilometrlik Albaniya hissəsində isə 150 kilometr boru xəndəyə endirilib.

İndiyədək Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 9 milyard dollar investisiya qoyulub. Bu vəsaitin 0,7 milyard dollar TAP layihəsinə xərclənib.

Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 61,5 milyon kilometr yol qət edib və 22,5 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq.

TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla, ümumilikdə iki kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilib. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259