TƏHSİL

Bakı məktəbliləri zərərli vərdişlərə qarşı maarifləndirilirlər
10 OKTYABR
77

Bakı məktəbliləri zərərli vərdişlərə qarşı maarifləndirilirlər

2019-10-10 11:36:00

Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirici tədbirlər keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Fins.az-a verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Narkomaniyaya yox deyək!”, "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları”, “Narkotiklərə yox!” və bu kimi digər mövzularda maarifləndirici tədbir, “Dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur.

Tədbirlərdə rayon polis idarələrinin əməkdaşları, şagirdlər, müəllimlər və valideynlər iştirak edirlər.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Maarifləndirici tədbirlərdə gənclərə zərərli vərdişlərdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir.

Tədbirlərdə çıxış edənlər narkomaniyanın cəmiyyətə və ümumilikdə, bəşəriyyətə çox böyük ziyan vurması, mümkün olan bütün vasitələrdən istifadə edərək, onun qarşısının alınması barədə geniş məlumatlar verirlər.

Həmçinin müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır.

Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilir, sənədli filmlər və videoçarxlar nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır